KOB-ların maliyyə əlçatanlığı qlobal çağırış olaraq qalır.
FED.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxış edib.
Orxan Məmmədov bildirib ki, son illərdə biznes mühitində mühüm irəliləyişlər və islahatlar həyata keçirilmişdir. Lakin biznesin maliyyə əlçatanlığı məsələsi dünya miqyasında hələ də aktual bir çağırış olaraq qalmaqdadır.
O qeyd edib ki, Beynəlxalq Maliyyə Korporasiyasının 2025-ci ilin aprel ayında keçirdiyi KOB Maliyyə Forumunun sənədlərinə görə, dünya üzrə KOB-ların qarşılanmamış maliyyə tələbatı 5.7 trilyon ABŞ dollarına çatmışdır.
Eyni zamanda, Dünya Bankının hesabatına əsasən, KOB-ların maliyyə boşluğunun aradan qaldırılması orta gəlirli iqtisadiyyatlarda ümumi məhsuldarlığın 86 % artımına səbəb ola bilər.
Orxan Məmmədov vurğulayıb ki, bu rəqəmlər KOB-ların maliyyə mənbələrinə çıxışında fintex alətlərinin tətbiqinin əhəmiyyətini daha da artırır. Bu kontekstdə, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, xüsusilə regionlarda fəaliyyət göstərən KOB-lar üçün dayanıqlı inkişafın əsas şərtlərindən biridir.