İqlim maliyyələşdirməsinin genişləndirilməsi üçün möhkəm mühit tələb olunur.
Mərkəzi Bankın nəzarət etdiyi subyektlər taksonomiyanın əsas istifadəçiləri olacaqlar
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Dünyada dayanıqlı maliyyənin təşviqi: Uyğunluğun təmin edilməsi üçün yol xəritəsi və maliyyə dəstəyi" mövzusunda tədbirdə bildirib.
"Bu mühitin əsas elementi davamlı maliyyə çərçivələrinin uyğunlaşdırılmasıdır. Ancaq fundamental bir sual var və tam əminəm ki, cavab hamı üçün çox aktualdır: “davamlı investisiya” dedikdə dəqiq nəyi nəzərdə tuturuq? Bu sualla bağlı sorğu 5 300 aparıcı investor arasında aparılıb. Respondentlərin 70 %-dən çoxu davamlı investisiya termininin tam aydın olmadığını bildirib. Bu göstərir ki, əsas bazar oyunçuları davamlılığı müxtəlif yollarla şərh edir. Bu tapıntı aydın şəkildə göstərir ki, “davamlılıq” termininin tərifinə kritik ehtiyac var. Buna görə də, taksonomiyalar və onların uyğunlaşdırılması dayanıqlı maliyyəni müəyyənləşdirdiyi və izlədiyi üçün əsas rol oynayacaq", - deyə o qeyd edib.
Taksonomiyaların inkişafı və uyğunlaşdırılması baxımından əldə edilən irəliləyişlərdən danışan T.Kazımov davamlı maliyyə taksonomiyalarının qarşılıqlı fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə bir sıra təşəbbüslərin hazırlandığını deyib: "G20 Dayanıqlı Maliyyə İşçi Qrupu davamlı maliyyə çərçivələrinin uyğunlaşdırılması üçün könüllü prinsiplər işləyib hazırlayıb. Bundan əlavə, Davamlı Maliyyə üzrə Beynəlxalq Platforma (IPSF) taksonomiyalardakı ümumi cəhətləri və fərqləri müəyyən etmək üçün çalışıb. Bu gün elan etməkdən şərəf duyuram ki, AMB Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN), IPSF və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edərək “İrəliləmək üçün Yol Xəritəsi”ni hazırlayıb". (Report)