"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzun müddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"də saxlayıb.
Eləcə də bax: «Fitch» Azərbaycanın reytinqini yenilədi – PROQNOZ «MƏNFİ»DİR
FED.az xəbər verir ki, Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balanslarını və məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və şəffaf olmamasını əks etdirir.
Reytinq üzrə "mənfi" proqnoz isə Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı şokları, qısa müddətli perspektivdə qlobal neft qiymətlərinin qeyri-müəyyənliyini, pandemiyanın ikinci dalğasının xarici buferlərə təsirini və nizamsız makroiqtisadi düzəlişlərlə bağlı riskləri əks etdirir. “Fitch” özünün baza ssenarisini (2021 (45 dollar) və 2022-ci (50 dollar) illərdə tədricən artan neft qiymətləri) nəzərə alaraq bildirir ki, manatın devalvasiya riski aşağı qalır.
Agentlik qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın iqtisadiyyatına mənfi təsiri məhdudlaşdırılsa da, COVID-19 pandemiyası, neftin aşağı qiyməti, sosial məhdudlaşdırma ölçüləri və “OPEC+” çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliklər səbəbindən bu il Azərbaycan iqtisadiyyatı 4,3% (ötən proqnoz 4,2%) azalacaq, lakin 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 2,7% ( ötən proqnoz 2,5%) və 2% (ötən proqnoz 2,8%) artacaq.
Bundan əlavə, “Fitch”in mütəxəssisləri reytinqi yüksəldə və ya endirə biləcək faktorları sadalayıb. Reytinqi aşağı sala biləcək amillərin içində xarici balansların kəskin azalması, manatın devalvasiyaya uğraması, neftin qiymətinin uzun müddət aşağı qalması və bunun öz növbəsində iqtisadiyyata, bank sektoruna ziyan vurması göstərilir.
Reytinqin potensial artımına gətirib çıxara biləcək faktorlar arasında isə, agentlik neft qiymətlərinin yenidən artmasının ölkənin xarici balanslarına təzyiqin yumuşaldacağını, dövlətin icmal büdcəsinin kəsirini azaldacağını, xarici dövlət borcunun ÜDM-yə olan nisbətinin aşağı səviyyədə saxlanılmasını və likdvid aktivlərin artmasını göstərir. Eyni zamanda, reytinq məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və daha şəffaf olması və makro volatilliyin azalması ssenarisində qaldırıla bilər. (Apa)