Azərbaycanda problemli aktivlərlə bağlı risklər əhəmiyyətli dərəcədə azalıb.
“S&P” 2025-ci ildə Azərbaycanda kreditləşmənin 15 % artacağını proqnozlaşdırır
FED.az bu barədə “Fitch Ratings”in təhlilinə istinadən xəbər verir.
“Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan) bankların kredit göstəriciləri son iki ildə yüksək templi iqtisadi artım və biznes həcminin böyüməsi fonunda yaxşılaşmaqda davam edir. Bu tendensiyalara Ukraynadakı hərbi münaqişənin yan təsirləri, daha dəqiq desək, Rusiya ilə ticarət, miqrasiya və onunla əlaqəli pul axınları, həmçinin, yüksək xammal qiymətləri təsir göstərir. Biz bankların əsas əmsallarının tarixi normadan yüksək qalacağını gözləsək də, reytinqlərin trayektoriyası müxtəlif ölkələrdə fərqli-fərqli ola bilər”, - deyə materialda qeyd olunur.
“Fitch” analitikləri qeyd edir ki, regionun əksər bankları 2022-2024-cü illərdə rekord mənfəət barədə xəbər veriblər.
“Faiz marjları 1-2 faiz artıb ki, bu da aktivlərə olan uçot faizlərinin artımı, o cümlədən, yaxşı likvid buferlərin olması ilə əlaqədar olub və bu, maliyyələşmə məsrəflərini nəzarətdə saxlamağa kömək olub. Azərbaycan banklarının göstəriciləri neft qiymətlərinin daha yüksək olması və aktivlərin keyfiyyəti ilə bağlı risklərin azalmasından qaynaqlanıb.
Azərbaycan kreditləşmənin yüksək templi artımı və dividend ödənişlərindəki əhəmiyyətli artımlar kapital əmsallarına təsir göstərir, lakin biz hələ də yüksək gəlirlilik sayəsində kapitallaşmanın səmərəli səviyyədə qalacağını gözləyirik”, - deyə “Fitch”dən bildiriblər
Reytinq agentliyi güclü iqtisadi artım və sağlam kreditləşmənin bütün region üzrə kredit keyfiyyəti göstəricilərinin sabit şəkildə yaxşılaşmasına dəstək göstərdiyini qeyd edir.
“Lakin problemli kreditlərin daha da azalması, onların artıq aşağı səviyyədə olduğunu nəzərə alaraq, məhdud ola bilər. Bu müsbət dinamika xüsusilə Azərbaycanda nəzərə çarpır, burada problemli aktivlərlə bağlı risklər əhəmiyyətli dərəcədə azalıb. Bu, əsasən, cəmləşmiş və dollarlaşmış korporativ kreditlərdən fərqli olaraq, milli valyutada olan və pərakəndə müştərilər, mikrobiznes və kiçik və orta sahibkarlıq üçün daha şaxələndirilmiş kreditlərə keçidlə, eləcə də tənzimləmələrin yaxşılaşdırılması ilə bağlıdır”, - deyə materialda vurğulanır.
"Fitch" analitikləri regionda bankların likvidliyinin əlverişli səviyyədə olduğunu vurğulayıb.
"Azərbaycanın likvidlik əmsalı MDB+ regionunda ən yüksək göstəricilərdən biridir – 73%, bu da kifayət qədər likvidliyin mövcud olduğunu sübut edir. Regiondakı bankların reytinqləri investisiya səviyyəsindən aşağıdır və "B" ilə "BB+" arasında dəyişir. Azərbaycan banklarının reytinqi 2024-cü ilin oktyabr ayında aktivlərin keyfiyyəti ilə əlaqədar risklərin azalması sayəsində yüksəlib və Azərbaycanın suveren reytinqi ilə (BBB-/Stable) yerli banklar üçün fəaliyyət mühitinin qiyməti (bb-) arasındakı 3 pilləli əhəmiyyətli fərqi nəzərə alaraq reytinqlərin daha da qalxması üçün potensial mövcuddur”, - deyə matrialda qeyd olunur. (Trend)