Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin nizamnamə kapitalının minimum miqdarı müəyyən edilib və bu zaman bölgələr üzrə differensiallaşdırma aparılmaqla 4 bölgə müəyyən edilib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, I bölgə - Bakı şəhəri üzrə ilkin nizamnamə kapitalı 600 min manat, II bölgə - Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə 450 min manat, III bölgə - I, II və IV bölgələr istisna olmaqla, digər şəhər və rayonlar, habelə Naxçıvan Muxtar Respublikası üzrə 375 min manat, IV bölgə - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri üzrə 300 min manat müəyyən olunub.
Bundan əlavə, hər əlavə obyekt üçün I bölgə üzrə 300 min manat, II bölgə üzrə 150 min manat, III bölgə üzrə 75 min manat, IV bölgə üzrə 0 manat həcmində nizamnamə kapitalının artırılmalı hissəsi tələbi də müəyyən edilib.
Tələblərə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək məntəqələrə fərqli yanaşılıb, əhalinin bu maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə VMM fəaliyyətinin həmin ərazilərdə təşkili üçün müvafiq kapital tələbləri minimum səviyyədə təsbit olunub.
Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba minimum nizamnamə kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir.
Məsələn, Bakı şəhəri üzrə valyuta mübadiləsi məntəqəsi açmaq istəyən şəxs 600 min manat nizamnamə kapitalı yerləşdirməli və bunun 10%-i həcmində məbləği, yəni 60 min manatı müvəkkil bankda girov olaraq bloklaşdırmalıdır, həmin hüquqi şəxs Gəncə şəhərində əlavə valyuta mübadiləsi məntəqəsi açmaq istəyərsə, nizamnamə kapitalını 150 min manat artırıb onun 10%-ini, yəni 15 min manatı müvəkkil bankda xüsusi hesabda bloklaşdırıb Mərkəzi Banka müraciət edə bilər.
Bununla yanaşı, yeni tələblərə əsasən valyuta mübadilə məntəqəsi təşkil edilməsi yerinə görə 3 zona müəyyən edilib. Burada I qrup zonalar hava limanlarının aerovağzal kompleksi, II qrup zonalar iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar və III qrup zonalar isə köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələridir. Binanın daxilinə çıxışı olan yalnız I və II qrup zonalarda açıla bilər.
Valyuta mübadiləsi məntəqəsi bütün zonalar üzrə hər bir xəzinədar üçün azı 6 (altı) kvadrat metr sahəyə malik olmalıdır. Həmçinin, I qrup zonalar istisna olmaqla valyuta mübadilə məntəqələri müştəriyə xidmət göstərilməsi üçün sahəyə malik olmalıdır. Bu sahə üzrə tələb II qrup zonalarda azı 4 (dörd) kvadrat metr və III qrup zonalarda azı 6 (altı) kvadrat metr olmalıdır. Bununla yanaşı xəzinədar tərəfindən səliqəli geyim qaydalarına riayət edilməsi tələbi gətirilib.
Eyni zamanda, valyuta mübadiləsi məntəqəsində müştərilərə açıqlanan məlumatlara (1) xüsusi elektron lövhədə komisyon haqq (xidmət haqqı) tətbiq edildikdə faktiki mübadilə məzənnəsinin (2) tətbiq edildikdə, komisyon haqqının (xidmət haqqı) qeyd olunması əlavə edilib. Qeyd olunanlarla yanaşı, valyuta mübadiləsi məntəqəsinin iş vaxtı, verilmiş lisenziyanın və lisenziyaya əlavənin (olduqda) surəti və istehlakçıların müraciət edə bilməsi üçün Mərkəzi Bankın “qaynar xətt”i barədə məlumat əks olunması tələbləri saxlanılıb.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun bu tələblərinə uyğun olaraq ölkədə 5 valyuta mübadilə məntəqəsi müstəqil formada fəaliyyət göstərir. Həmçinin, bir valyuta mübadilə məntəqəsi yeni qanunvericiliyə əsasən nizamnamə kapitalı və digər tələblərə əməl etməklə 24.02.2024-cü il tarixində müvafiq qaydada lisenziyanın əlavəsini almaqla fəaliyyətə başlayıb.
Hazırda valyuta mübadiləsi fəaliyyətinə lisenziya alınması ilə bağlı müraciətlərə qanunvericilik çərçivəsində baxılır. Bununla yanaşı, valyuta mübadiləsi fəaliyyətinə lisenziya alınması üçün qanunvericilikdə qeyd olunan məsələlərlə bağlı daxil olmuş sorğular müvafiq qaydada cavablandırılır.
Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli Qanununun tətbiqi və digər aidiyyəti fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 avqust tarixli Fərmanı ilə Mərkəzi Banka bir sıra tövsiyələr verilib. Tövsiyələr əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 11 dekabr tarixli Qərarı ilə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nın, (Forma) “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”in (Tələblər) və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” (Qayda) təsdiq edilib (Trend).