Dünyada neftə tələbat azala bilər. Bir çox inkişaf etmiş ölkələr artıq daxili yanma mühərrikindən elektrik mühərrikə keçidlə bağlı konkret vaxt müəyyən ediblər. Bu, şübhəsiz ki, ənənəvi enerji resurslarına tələbatı azalda və neft-qaz hasilatı ilə məşğul olan ölkələrin və şirkətlərin gəlirlərinə mənfi təsir edə bilər.
Eləcə də bax: Hesablama Palatası gələn ilin dövlət büdcəsi üçün - ƏSAS RİSKLƏRİ AÇIQLADI - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın 5 illik milli inkişaf srategiyasında da Azərbaycanın bu çağırışa necə hazır olması ilə bağlı sual qoyulur:
“Ona görə də biz büdcə xərclərinin artırılmasına ehtiyatla yanaşmalıyıq. Büdcə xərclərinə nəzarət artırılmalıdır və bu istiqamətdə işlər aparılır,” – deyə nazir bildirib.
Deputatların sualına cavab olaraq nazir qeyd edib ki, inflyasiya təkcə Azərbaycana xas olan bir məsələ deyil: “COVID -19 hələ bitməyib və əlavə təhdidlər bizi ayq-sayıq olmağa çağırır. Bununla əlaqədər kifayət qədər ehtiyatların yaradılması zəruridir. Hörmətli millət vəkilləri xərclərin artırılmasını təklif edirlər, ancaq bunun arxasında maliyyə vəsaiti durur. Büdcənin 3.63 milyard manata qədər kəsiri var, bunu biz başqa mənbələrin hesabına təmin etməliyik. Yerdə qalan pulu biz borclanmalıyıq. Bir çox deputatlar dövlətin borclanmasından narazılıq edir. COVID-19 pandemiyası bir çox dövlətləri ifrat dərəcədə borclanmaya vadar edib. Azərbaycanda bu göstərici olduqca aşağıdır və kifayət qədər dayanıqlı borc səviyyəmiz var. Cənab Prezidentin tapşırığı var ki, borclar idarəolunan səviyyədə olmalıdır və ÜDM-in 10 səviyyəsinə endirilməlidir.
Milli inkişaf proritetlərinin həyata keçirilməsi üçün layihə hazırlanıb. Həmin strategiyanın reallaşdırılması da əlavə vəsaitlərin təmin edilməsini tələb edə bilər. Biz bilirik ki, əlavə vəsaitlər yəqin ki, tələb ediləcək. Bu baxımdan ola bilsin ki, büdcəyə düzəlişlər ediləcək. Bu vəsaitlər hansı mənbələr hesabına ediləcək? Bu suallara cavab tapmalıyıq.
Eyni zamanda biz mənfur qonşumuzla münasibətdə müdafiə qabiliyyətimzi, təhlükəsizlik təminatımızı gücləndirməliyik, bu isə böyük xərclər tələb edir. Bunları təmin etmədiyimiz tədqirdə bizim inkişaf planlarımız təhdid altında ola bilər. İşğaldan azad edilən ərazilərin bərpa və yenidənqurulma işləri həyata keçirilir və bütün bunlar böyük xərclər tələb edir”, - deyə nazir bildirib.