Xəbər verildiyi kimi, Hesablama Palatası 2022-ci il üçün dövlət büdcəsinin layihəsinə rəyini açıqlayıb.
FED.az-ın məlumatına görə, rəydə büdcə üçün riskli və həlli vacib olan məqamlar göstərilib. Bunlar aşağıdakılardır:
1. Hesablama Palatası “Büdcə zərfi”ndə məlumatlılığın artırılması, şəffaflığın təmin edilməsi istiqamətində addımların atılmasının davam etməsinin vacibliyini vurğulayır. Həm fiskal diaqnostika alətlərindən, həm də müxtəlif ölkələrin büdcə qanunvericiliyindən və mövcud təcrübələrindən yararlanılmaqla büdcə sənədləşməsinə dair təhlilin aparılması şəffaflığın təmin edilməsi istiqamətində atılan addımların davamlılığının zəruriliyini göstərir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində göstərilmişdir ki, bu addımların atılması ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına və büdcə layihəsi üzrə qərarların effektivliyinin artırılmasına xidmət edəcək. Bundan əlavə, Hesablama Palatası tərəfindən müvafiq istiqamətdə təhlilin aparılması zamanı fiskal diaqnostika alətlərinin tələbləri də diqqətə alınmışdır ki, bu tələblər də büdcə-vergi siyasətində müəyyən edilmiş dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, habelə bu istiqamət üzrə Açıq Büdcə İndeksində ölkəmizin mövqeyinin yaxşılaşdırılması kimi hədəflərin reallaşdırılması məqsədilə büdcə qanunvericiliyinə əlavə və dəyişiklikləri zərurətə çevirir. Dövlət maliyyəsinin idarə edilməsi və bu istiqamətdə şəffaflığın qiymətləndirilməsi alətlərindən olan Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) büdcə sənədləşməsində 12 elementin (4-ü baza elementi olmaqla) əks etdirilməsi, Açıq Büdcə İndeksi isə dövlət büdcəsinin layihəsi ilə bağlı 53 göstəricinin aidiyyəti sənədlərə daxil edilməsi və açıqlanması ilə bağlı tələb müəyyən etmişdir. Bununla əlaqədar, Hesablama Palatası tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Qanun layihəsi hazırlanaraq Rəyin “Tövsiyələr” bölməsində əks etdirilmişdir.
2. Hesablama Palatası publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan müəssisələrin büdcədən asılılığını ortamüddətli dövr üçün dövlət maliyyəsi üzrə risk kimi qeyd edir. Növbəti ildə publik hüquqi şəxslər üzrə mənfəət vergisinin nəzərdə tutulmasına baxmayaraq, bu şəxslər üzrə birbaşa dövlət büdcəsində əks etdirilən xərclərin həcmi əhəmiyyətli olaraq qalmaqla əvvəlki ilə nisbətən artımla proqnozlaşdırılmışdır. Bundan başqa, dövlət müəssisələrinə dövlət büdcəsindən maliyyə yardımı, subsidiya və digər istiqamətlərdən xərclərin ayrılmasının davam etdirilməsi (bəzi hallarda saxlanılma və cari əməliyyat xərcləri də daxil olmaqla) proqnozlaşdırılır ki, bu da dövlət büdcəsi üçün risk yaradan amillərdəndir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində publik hüquqi şəxslərə və dövlət müəssisələrinə dövlət büdcəsindən vəsaitin ayrılmasının xəzinədarlığın müşayiəti ilə həyata keçirilməsi və publik hüquqi şəxslər üzrə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi təklif edilmişdir.
3. Hesablama Palatası yenilənən büdcə qaydasında əvvəlki qaydaya xas risklərin aradan qaldırıldığını bildirməklə bir sıra məqamlarla bağlı Rəydə təkliflər vermişdir. Büdcə qaydasının yeni redaksiyası ilə bağlı təklif edilən dəyişikliklərə əsasən qaydada əvvəllər mövcud olan xərclənə bilən neft gəlirləri komponentinin neftin qiymətinin yüksək olması halında protsiklik siyasətin təsirinə məruz qalma riski də aradan qalxmış olur ki, bu da yeni qaydanın müsbət xüsusiyyəti kimi qiymətləndirilə bilər. Eyni zamanda, 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində mümkün risklərin qarşısının alınması məqsədilə Dövlət Neft Fondundan transfertə birbaşa məhdudiyyət qoyulması, qeyri-neft baza kəsirinin mütləq ifadədə müəyyənləşdirilməsi, təklif edilən qiymət məhdudiyyətinə yenidən baxılması tövsiyə edilmişdir.
4. Hesablama Palatası əsas fiskal orqanlar tərəfindən təmin edilən gəlirlərin icrasında risklərin olmayacağını qeyd edir. 2021-ci ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcə daxilolmalarının proqnozla müqayisədə 1,1 mlrd. manat çox icra edilməsi və büdcə-vergi siyasətində vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin dəstəklənməsi tədbirlərinin nəzərdə tutulması, dövlət rüsumunun büdcədənkənar gəlirlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmalara aid edilməsi, dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin DVX xətti ilə yığılması və vergi daxilolmalarına aid edilməsi, habelə koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar xidmətlərin və hüquqi hərəkətlərin sayının artması və bunun DVX tərəfindən təmin edilən gəlirlərə aid edilməsi, gözlənilən inflyasiya səviyyəsi fonunda növbəti il üçün cari ilin gözlənilən icrası ilə müqayisədə büdcə daxilolmalarının 376,0 mln. manat artıq, o cümlədən, qeyri-neft sektoru üzrə 582,0 mln. manat çox, neft sektoru üzrə isə 206,0 mln. manat az proqnozlaşdırılması, 2022-ci ilin dövlət büdcəsi layihəsində DVX üzrə gəlirlərin yerinə yetirilməsində çətinliklərin olmayacağı fikrini formaşdırır. İqtisadiyyatın bərpasının hesabat dövründə və növbəti ildə də davam edəcəyinin proqnozlaşdırılması, gözlənilən inflyasiya, malların gömrük rəsmiləşdirilməsi zamanı inzibatçılığın təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi, habelə bəzi mallar üzrə aksiz dərəcələrinin artırılması növbəti il üçün Dövlət Gömrük Komitəsi üzrə proqnozların yerinə yetirilməsində ciddi risklərin olmayacağını deməyə əsas verir.
5. Hesablama Palatası dövlət müəssisələrinə subsidiyalarla bağlı yeni mexanizmin formalaşdırılmasını təklif edir. 2022-ci ilin dövlət büdcəsində iqtisadi təsnifatın “Subsidiyalar” bölməsi üzrə 1440,2 mln. manat məbləğində vəsait proqnozlaşdırılmışdır ki, bu da ötən ilin faktiki icrasından 33,5% çox, cari ilin gözlənilən icrasından isə 11,3% azdır. Qeyd olunan vəsaitin 48,4%-i dövlət müəssisələri, 5,6%-i qeyri-dövlət müəssisələri, 46,0%-i isə hüquqi şəxslərə digər subsidiyalar üçün nəzərdə tutulmuşdur. 2019-2022-ci illər üzrə subsidiyaların strukturuna nəzər saldıqda, dövlət müəssisələrinə subsidiyaların davamlı olaraq artması fonunda qeyri-dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli azalmışdır. Hesablama Palatası öz Rəyində dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv istifadəsinin təmin edilməsi məqsədilə subsidiyaların verilməsi şərtləri, bununla bağlı tələb olunan sənədləri, subsidiya məbləğinin hesablanması üsulları və s. məsələləri tənzimləyən konkret mexanizmin formalaşdırılmasını təklif etmişdir.
6. Hesablama Palatası dövlət büdcəsinin xərclərinin yeni yanaşma əsasında təsnifləşdirilməsinin, müdafiə olunan xərclərin strukturuna yenidən baxılmasının vacibliyini qeyd edir. Hesablama Palatası beynəlxalq təcrübədə mövcud təlimatlar və ayrı-ayrı ölkələrin praktikası nəzərə alınmaqla “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə baxılaraq xərclərin hesablanılmasının yeni yanaşma (xərclərin məsrəflər və qeyri maliyyə aktivlərinin artması kimi təsnif edilməsi) əsasında həyata keçirilməsini təklif edir. Eyni zamanda, qanunvericilikdə dövlət borcunun strukturunun təkmilləşdirilməsi ilə bağlı şərtlərin mövcudluğu şəraitində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində göstərilən istiqamətlərə yenidən baxılmaqla dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclərə zərurət yarandığı hallar üzrə bunun növbəti ilin dövlət büdcəsi haqqında Qanunu ilə tənzimlənməsi, sosialyönlülüyü ilə diqqət çəkən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərclərinin bu maddəyə əlavə edilməsi Rəydə təklif edilmişdir.
7. Hesablama Palatası dövlət proqramlarının vahid yanaşma əsasında tərtib edilməsini və proqramlılıq ilə bağlı məlumatların artırılmasını təklif edir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində məqsədli proqramlar üzrə nəzərdə tutulmuş maliyyələşmə barədə məlumatın “Büdcə zərfi”nə ayrıca daxil edilməsi, burada gözlənilən nəticələrin əks etdirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi, icra müddəti başa çatmış proqramlara dövlət büdcəsindən vəsaitlərin ayrılmamasının məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Eyni zamanda, bildirilmişdir ki, dövlət proqramları ilə bağlı məlumatların təhlili proqramların vahid yanaşma əsasında tərtib olunması və nəticəliliyin ölçülməsi məqsədilə hazırda qüvvədə olan əksər dövlət proqramlarının Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğunlaşdırılmasının vacibliyini göstərir.
8. Hesablama Palatası yeni büdcə modelinə keçid üzrə hüquqi bazada uyğunluq təşkil etməyən məsələlərin olduğunu bildirir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə islahatlarının sürətli və sistemli keçirilməsinin bu sahə üzrə təkmil hüquqi bazanın olması ilə birbaşa əlaqəli olduğu barədə qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, hazırki tarixədək ortamüddətli xərclər çərçivəsini (OMXÇ) tənzimləyən hüquqi bazanın büdcə qanunvericiliyinə tam inteqrasiyası həyata keçirilməmişdir. OMXÇ-ni tənzimləyən sənədlərə əsasən OMXÇ büdcə planlaşdırılmasının ilk strateji mərhələsini, növbəti ilin büdcə layihəsinin hazırlanması isə texniki mərhələni ehtiva edir. Bu isə ilkin olaraq strateji mərhələdə fiskal çərçivənin və bəzi göstəricilərin müəyyən edilməsini, daha sonra isə bu çərçivə əsasında texniki mərhələyə keçidi labüd edir. Lakin hazırda OMXÇ ilə bağlı prosesləri tənzimləyən hüquqi aktlarla “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları” arasında bir sıra uyğunluq təşkil etməyən məsələlər müşahidə edilir.
9. Hesablama Palatası Büdcə Məcəlləsinin hazırlanması zərurətini bir daha qeyd edir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində büdcə münasibətlərinin daha sistemli tənzimlənməsi məqsədilə, o cümlədən dövlət büdcəsinin tərtibi və icrası, ehtiyat fondlarından istifadə, dövlət büdcəsi, büdcədənkənar dövlət fondları və büdcə təşkilatları arasında əlaqələrin koordinasiyası, nəticəəsaslı büdcə, ortamüddətli xərclər çərçivəsi və s. ilə bağlı müxtəlif hüquqi aktlarla əhatə olunan müddəaların vahid hüquqi aktda birləşdirilməsi, eyni zamanda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan kənarda qalan dövlət maliyyə sisteminə aid edilən institutların əhatə edilməsi məqsədilə Büdcə Məcəlləsinin hazırlanması təklif edilmişdir.
10. Hesablama Palatası: Vahid büdcə təsnifatının Dövlət Maliyyə Statistikası Təlimatına uyğunlaşdırılması zəruridir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində göstərilmişdir ki, dövlət maliyyəsinin idarə olunması təcrübəsində digər bir mütərəqqi yanaşma Dövlət Maliyyə Statistikası Təlimatının (DMST) tətbiqini nəzərdə tutur. Qüvvədə olan vahid büdcə təsnifatının Dövlət Maliyyə Statistikası Təlimatı ilə uzlaşdırılmaması büdcə planlaşdırılması, büdcə uçotu və təhlili baxımdan çətinliklərə səbəb olur. Eyni zamanda, büdcədə maliyyə axınlarının düzgün formada hərəkətini izləməyə imkan vermir. Bu əsasdan, Hesablama Palatası büdcə təsnifatının Dövlət Maliyyə Statistikası Təlimatına uyğunlaşdırılmasının büdcə təsnifatının təkmilləşdirilməsinə səbəb ola biləcəyini qeyd edir.