"Dəyişkən risk mühiti tənzimləyici qurum kimi Mərkəzi Bank qarşısında da bir sıra çağırışlar yaradır".
AMB: Vaxtı keçmiş kreditlərin artımı sistem xarakterli risk yaratmır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Fuad İsayev deyib.
Onun sözlərinə görə, hazırda hər hansı bankın maliyyə dayanıqlılığını yalnız kapital və likvidlik göstəriciləri əsasında qiymətləndirmək düzgün deyil:
"Məsələn, kiberhücum və ya beynəlxalq sanksiyaların pozulması riski maliyyə təşkilatına ciddi maliyyə və reputasiya zərərləri vura bilər. Bu baxımdan Mərkəzi Bank qabaqlayıcı tədbirlərin görülməsini və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılmasını vacib hesab edir".
Fuad İsayev bildirib ki, 2025-ci ilin sonlarından etibarən Mərkəzi Bank tərəfindən bank sektorunda Azərbaycan Risk Qiymətləndirmə Sistemi (ARAS) tətbiq edilir, növbəti mərhələlərdə eyni yanaşmanın maliyyə sektorunun digər seqmentlərinə də tətbiqi nəzərdə tutulur:
"Bu yanaşma bankları yalnız maliyyə göstəriciləri əsasında deyil, həmçinin korporativ idarəetmə səviyyəsi və daxili nəzarət sistemləri baxımından da qiymətləndirməyə imkan verəcək".
"Bununla yanaşı, Mərkəzi Bankın diqqət yetirdiyi istiqamətlərdən biri də nəzarətin rəqəmsal transformasiyasıdır. Dünya Bankının layihəsi çərçivəsində 2024–2029-cu illəri əhatə edən müvafiq yol xəritəsi hazırlanıb. Bu yol xəritəsinin həyata keçirilməsi məlumatların emalı prosesinin sürətləndirilməsinə və daha keyfiyyətli bank nəzarətinin qurulmasına dəstək olacaq.
Mərkəzi Bank olaraq maliyyə məhsul və xidmətlərinin inkişafını, kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsini, eləcə də dayanıqlı inkişafı dəstəkləyən tənzimləyici çərçivənin formalaşdırılmasında bu amilləri nəzərə alırıq", - deyə o, əlavə edib.













