BOKT sektorunda maliyyə icarəsi ilə bağlı göstəricilər gözlədiyimiz potensialdan aşağıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
Onun sözlərinə görə, ilkin rəqəmlərə əsasən, əvvəlki adı ilə lizinq portfeli hazırda 50 milyon manat təşkil edir:
"Hesab edirik ki, qanunun qəbulundan sonra bu potensial artacaq və göstəricilər daha yüksək səviyyəyə çatacaq. Müşahidələrimiz göstərir ki, bank olmayan kredit təşkilatlarının lizinq portfelləri və təklif etdikləri lizinq məhsulları kifayət qədər genişlənir. Qanunun qəbulu və tətbiqi ilə bu sahədə BOKT-lərin də mühüm rol oynayacağını düşünürük".
"Qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahədə portfellər kifayət qədər böyükdür. Məsələn, Qazaxıstanda bu portfel 520 milyon dollar təşkil edir. Həmin ölkədə həm maliyyə icarəsi ilə məşğul olan şirkətlər, həm də digər kredit təşkilatları bu sahədə fəal iştirak edirlər", - deyə o, əlavə edib













