Bütün dünyada vergi və ali audit orqanlarından çəkinirlər, Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir.
Hesablama Palatası ötən il 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-ya - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
"Bizdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən çəkinirlər, amma Hesablama Palatasından çəkinmirlər. Cəmiyyətdə Palatanın fəaliyyəti, onun imicinin dəyərləndirilməsi istiqamətində iş aparılmalıdır", - deyə o qeyd edib.
"İndiyə qədər işğaldan azad olunmuş ərazilərə 12 milyard manatdan çox pul xərclənib, bu il isə 4 milyard manatdan çox pul xərclənəcək. Bir müddətdən sonra bu məsələ aktual olacaq ki, həmin vəsaitlərdən nə dərəcədə səmərəli istifadə olunur? Hesablama Palatasının öz fəaliyyətində prioritet istiqamət kimi bu vəsaitlərdən səmərəli istifadəni seçməsi yaxşı olardı”, - deyə deputat əlavə edib. (Report)