Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə "Advisian" məsləhətçi şirkəti "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlayıb.
Bu barədə FED.az-a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) məlumat verilib.
Bazar araşdırmasının nəticələrində, yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olduğu qeyd olunub, eləcə də regional enerji bazarlarına (o cümlədən Avropa İttifaqına) ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif edilib.
Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr (enerji və sənaye), hidrogen istehsalının maya dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.
Sənəddə bildirilir ki, Azərbaycan böyük bərpa olunan enerji potensialına (quruda və dənizdə) və təbii qaz ehtiyatlarına malik olduğunu nəzərə alaraq aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli mövqeyə malikdir. Bazar Araşdırmasının nəticələrinə əsasən, maya dəyəri baxımından Azərbaycanda yaşıl hidrogen istehsalı regionun başqa ölkələri ilə bu istiqamətdə rəqabət apara bilər.