Bu gün Avropa Mərkəzi Bankı (AMB, ECB) Bakı vaxtı ilə saat 15:45-də faiz qərarını açıqlayacaq.
Eləcə də bax: Avrozonada rekord inflyasiya - QEYDƏ ALINIB
FED.az xəbər verir ki, Avropa Mərkəzi Bankının faizlərini dəyişməyəcəyi gözlənilir. Lakin Bankın açıqlamasında və saat 16:30-da AMB sədri Kristin Laqardın keçirəcəyi mətbuat konfransında verəcəyi açıqlamalar diqqətlə izlənəcək. Avropa Mərkəzi Bankının iyul ayında faizi artıracağına işarə verəcəyi gözlənilir.
Hazırda AMB-nin əsas faizi 0,00%, depozit hesabı faizi -0,50%, marjinal borc dərəcəsi 0.25%-dir.
Qeyd edək ki, AMB sədri Kristin Laqard öz bloqunda Mərkəzi Bankın 21 iyul tarixində keçiriləcək toplantısından etibarən faiz artımlarına başlayacaqlarına və il sonuna kimi daha 2 dəfə faiz artımı reallaşdıracaqlarına dair paylaşım edib. Bu paylaşım avro və funta dəstək olur.
Bu gün Avropa Mərkəzi Bankının təviq proqramını da dayandıracağını bəyan edəcəyi gözlənilir.
Bazarlarda, Avrozonada inflyasiyanın yüksəlməsilə əlaqədar olaraq Avropa Mərkəzi Bankının faiz dərəcələrini iyul və sentyabr aylarında hər birində 0,50 bənd, oktyabr və dekabr aylarında isə 0,25 bənd artıracağı gözlənilir.
Avrozona inflyasiyası may ayında rekord 8,1 faizə çatıb və ECB-nin hədəfini 4 dəfə üstələyib.
Həmçinin bu gün keçiriləcək iclasdan sonra bankın yeni iqtisadi proqnozlarını açıqlayacaq. Ukraynadakı müharibə və Asiyada tədarük zəncirindəki problemlər səbəbindən bu il və gələn il üçün inflyasiya proqnozlarının yuxarıya, artım proqnozlarına isə aşağıya doğru yenidən baxılacağı gözlənilir. (Marja)