Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş olub.
Eləcə də bax: 50 üzvü, beynəlxalq qiymətləndirmə hüququ olan təşkilatın – PLANLARI AÇIQLANDI
FED.az xəbər verir ki, görüşdə AQC sədri cəmiyyətin may ayında keçirilən konfransı barədə məlumat verərək bildirib ki, hesabat-seçki yığıncağında vacib qərarlar qəbul olunub. Cəmiyyətin dövlət qurumları, assosiativ təşkilatlar, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu bəyan edən V.Oruc Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığın gələcək əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkənin ən böyük qeyri-hökumət təşkilatlarından biridir, sıralarında 50-yə yaxın şirkəti birləşdirən təşkilatın 100-ə yaxın üzvü var.
Agentliyin icraçı direktoru Aygün Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə AQC rəsmilərini məlumatlandırıb. Qeyd edib ki, vətəndaş cəmiyyəti insitutlarının fəaliyyəti dövlət rəhbərliyinin elan etdiyi prioritet istiqamətlərdən biridir. İcraçı direktor söyləyib ki, Azərbaycanda son illər həyata keçirilən islahatlar vətəndaş cəmiyyəti insitutlarının qarşısında geniş imkanlar açıb.
AQC sədri Vuqar Oruc dövlətlə ictimaiyyət arasında şəffaf və sağlam mühitin formalaşdırılması istiqamətində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasını zəruri adlandıraraq, rəhbəri olduğu qurumun da hər zaman dəstək nümayiş etdirməyə hazır olduğunu vurğulayıb. Görüşdə həmçinin Agentliyin departament rəhbəri Elnur Bağırlı, AQC-nin İdarə Heyətinin üzvləri Fərid Rüstəmov və Pərviz Qulami çıxış ediblər.
Sonda Agentlik və AQC arasında əməkdaşlıq imkanlarının artırılmasını təmin edəcək İşçi Qrupu yaradılıb. Hər iki tərəfdən rəsmi şəxslərin cəlb olunduğu qrupa Agentlik və AQC arasında gələcək fəaliyyət istiqamətlərini özündə ehtiva edəcək sənədin – birgə sazişin hazırlanması tapşırılıb.
AQC-dən FED.az-a verilən məlumata görə, bununla bağlı AQC artıq təkliflərini irəli sürüb və bu təkliflər üzərindən iş aparılacaq.
Görüşdə sənəd üzərində işlərin aparılması, birgə tədbirlərin və müzakirələrin keçirilməsi barədə ilkin razılaşmalar əldə edilib.