Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Mərkəzi (Milli) banklarının Şurasının ilk iclası keçirilib.
FED.az xəbər verir ki, Qazaxıstan Prezidentinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, iclası açan Prezident Tokayev Macarıstanda keçirilmiş qeyri-rəsmi TDT sammitini xatırladaraq bildirib ki, dövlət başçıları qlobal iqtisadiyyatda baş verən transformasiyalar, xüsusən tarif siyasətindəki dəyişikliklər fonunda əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Onun sözlərinə görə, mövcud misilsiz dəyişikliklər həm çağırışlar, həm də nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsallaşma və maliyyə kimi əsas sahələrdə koordinasiyalı səylər tələb edən yeni imkanlar yaradır.
“2010-cu ildə ölkələrimizin dünya ÜDM-ində payı 2,4 faiz idisə, bu göstərici hazırda 3,1 faizə yüksəlib. TDT ölkələrinin beynəlxalq ehtiyatlarının daim artması regionun makroiqtisadi dayanıqlığının möhkəmləndiyini göstərir”, – deyə Tokayev qeyd edib.
Prezident hesab edir ki, maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi daha geniş iqtisadi və investisiya tərəfdaşlığına təkan verə bilər və bu prosesdə mərkəzi banklar əsas rol oynaya bilər.
“Şuranın gündəliyinə iqtisadi tendensiyalar, pul-kredit siyasəti və mərkəzi bankların rəqəmsal valyutaları, kriptovalyutalar və rəqəmsal aktivlər də daxil olmaqla maliyyə texnologiyalarının inkişafı ilə bağlı aktual və vaxtında qoyulmuş mövzuların daxil edilməsi sevindirici haldır. Qazaxıstan bu sahədə əhəmiyyətli irəliləyişə nail olub, belə ki, nağdsız ödənişlərin bütün əməliyyatlardakı payı 85 faizə çatıb. Milli bankımız regionda ilk dəfə rəqəmsal valyutanı – rəqəmsal tenqeni tətbiq edib. Yaxın vaxtlarda kriptovalyutalar, stabilkoinlər və tokenləşdirilmiş alətlər də daxil olmaqla rəqəmsal aktivlərin təhlükəsiz dövriyyəsini təmin edəcək yeni qaydaların qəbul edilməsi planlaşdırılır”, – deyə dövlət başçısı əlavə edib.
Kasım-Jomart Tokayev əminliyini bildirib ki, mərkəzi banklar arasında peşəkar dialoqun genişlənməsi Türk regionunun iqtisadi potensialının reallaşdırılması üçün möhkəm əsas yaradacaq.
Tədbir zamanı Qazaxıstan Milli Bankının sədri Timur Suleymenov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qırğızıstan Milli Bankının sədri Melis Turqunbayev, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov və Macarıstan Mərkəzi Bankının icraçı direktoru Qabor Soç da çıxış ediblər. (Azərtac)