Azərbaycanın işğaldan azad olunan ərazilərində iş quran sahibkarlar bu ilin sonunadək 43 layihə üzrə banklardan 55,9 milyon manat kredit alıblar. Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) isə bu kreditlərə 47,8 milyon manat həcmində zəmanət verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi çərçivəsində iş adamlarına bir neçə üsulla dəstək verilir.
Bunlardan biri zəmanət-subsidiya mexanizmidir. Mexanizmə əsasən sahibkarların banklardan aldığı kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısınadək olmaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
Həmin mexanizm çərçivəsində sahibkarlar bu ilin sonunadək 43 layihə üzrə banklardan 55,9 milyon manat kredit alıblar. Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) isə bu kreditlərə 47,8 milyon manat həcmində zəmanət verib.
Eyni zamanda, bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə 14,4 milyon manat vəsaitin verilməsi təsdiqlənib. Bu mexanizmdən əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm kimi sahələrdə fəaliyyət göstərən sahibkarlar istifadə edib.
İş adamları bu mexanizmə müraciət etmək üçün "Elektron kredit və zəmanət” informasiya sistemindən istifadə edə bilərlər. Sahibkarlar kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.
İşğaldan azad edilmiş ərazilərdəki sahibkarlara güzəştli kreditlər də verilir. Bu ilin dekabrın qədər olan dövrdə həmin sahibkarlara Fond tərəfindən ümumilikdə 45,6 milyon manat güzəştli kredit verilib.










