Azərbaycana aid “Qafqaz leasing” lizinq şirkəti fəaliyyətini dayandırır.
FED.az şirkətin əməkdaşlarından əldə etdiyi məlumata görə, “Qafqaz leasing” 2-3 aydır ki, aktiv fəaliyyətini dayandırıb. Lizinq şirkətindən bildiriblər ki, hazırda borcların yığılması ilə məşğuldurlar.
“2-3 ay olar ki, aktiv fəaliyyəti dayandırmışıq. Şirkət bağlanır. Hazırda bazardakı borcları yığırıq”.
Bağlanma səbəbinə aydınlıq gətirən şirkət əməkdaşı bildirdi ki, bu, böyük ehtimalla böhranla əlaqəlidir.
FED.az-ın araşdırmasına görə, “Qafqaz leasing” şirkəti NAB Holdinqə aiddir. Bu şirkətin təsisçiləri "NAB Group of Companies" və "Metin Limited"dir. "Qafqazleasing" ASC-nin səhmlərinin 50% "Metin Limited" şirkətindədir.
Qeyd edək ki, baş ofisi Türkiyədə(İstanbul) yerləşən NAB Şirkətlər Qrupunun fəaliyyəti biznesin çox sayda - istehsalat sahəsi (polad əritmə), maliyyə sahəsi (bank, lizinq) və distribyusiya (Hyundai avtomobilləri, məişət texnikası(Tefal) və elektro təhcizatlar (Samsung, Siemens və.s) kimi sahələrini əhatə edir.
“Qafqaz leasing” ASC-nin həmtəsisçisi və səhmdarlarından olan "Metin Limited" isə Birləşmiş Krallıqda yerləşən ticarət şirkətidir.
"Qafqaz lizinq" şirkəti bağlanır – EKSKLÜZİV
16:18
15 Fev 2018