"PricewaterhouseCoopers" beynəlxalq audit şirkəti göstərdiyi xidmətə görə ilk dəfə olaraq bitkoində ödəmə qəbul edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin Honq-Konq ofisindən məlumat verilib.
Məlumatda həmçinin bildirilir ki, "PwC" bundan sonra kriptovalyutaların ilkin emissiyası, kriptovalyuta birjaları və kripto-fondlarla bağlı konsaltinq xidmətləri göstərəcək.
"Bu qərar şirkətimizin yeni texnologiyalar və innovativ biznes-modellərini bütün xidmət spektri üzrə tətbiq etdiyimizi göstərəcək. Həmçinin, aldığımız qərar, bitkoin və digər məşhur kriptovalyutaların geniş qəbul edilmiş hesablaşma vasitəsinə çevrildiyini əks etdirəcək", - deyə şirkətin Asiya-Sakit Okean regionu üzrə rəhbəri Reymund Çao (Raymund Chao) bildirib.
Xatırladaq ki, dekabr ayının 18-dən etibarən ABŞ-ın CME və CBOE birjaları bitkoinlə fyuşers əməliyyatlarına başlayacaq. Hazırda bitkoinin qiyməti isə 11 300 dollara bərabərdir.