“İnflyasiyanın artması fonunda real faizlər azalmaqda davam edir”.
FED.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Eləcə də bax: Təcili: Mərkəzi Bank uçot dərəcəsini - ARTIRDI
Onun sözlərinə görə, manatla depozitlərin artım tempi kredit borclarının artım tempini üstələdiyindən bank sistemində likvidlik yüksək olaraq qalır: “Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin olması banklaraarası pul bazarında faizlərin və dövlət qiymətli kağızlarının gəlirliliyinin aşağı səviyyədə formalaşmasını şərtləndirir. Ötən toplantıdan keçən dövrdə (17 Sentyabr 2021-29 Oktyabr -2021- dövründə - red) depozitlər və kreditlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir. İnflyasiyanın artması fonunda real faizlər azalmaqda davam edir”.
Qeyd edək ki, bu il Azərbaycan Mərkəzi Bankı 2 dəfə faiz artıraraq uçot dərəcəsini 6,25%-dən 7%-ədək qaldırıb. Mərkəzi Bankın uçot dərəcəsini artıması depozit faizlərinin artması ilə nəticələnmir.
BANKLAR MANATA 6-10% TƏKLİF EDİR, PUL İSƏ 10% DƏYƏRDƏN DÜŞÜR
Qeyd edək ki, Azərbaycan banklarında manat əmanətləri üzrə illik faiz dərəcələri bu il 6-10% civarında dəyişir. 2021-ci ilin sonunda isə ölkəmizdə illik inflyasiyanın 10%-i keçə biləcəyi gözlənilir. Mərkəzi Bankın məlumatına görə, 01 Oktyabr 2021-ci il tarixinə Azərbaycanda depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 8,54% təşkil edib. Bu nisbət 2020-ci ilin əvvəlində 9,27%, 2021-ci ilin əvvəlində isə 8,61% təşkil etmişdi.
Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozuna görə, 2021-ci ilin yekununda Azərbaycanda illik inflyasiyanın 9,5% - 10,5% civarnda olacağı gözələnilir.
“Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiyanın 6,2%-6,5%, illik inflyasiyanın isə 9,5%-10,5% səviyyəsində olacağı gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qaldığı şərtində illik inflyasiyanın 5,6% səviyyəsində təşkil edəcəyi nəzərdə tutulur”, - Elman Rüstəmov deyib.
Azərbaycanda inflyasiya tempinin yüksəlməsi müşahidə olunur. Rəsmi statistikaya görə, Sentyabr ayında aylıq inflyasiya 1,8%, 12 aylıq inflyaiya isə 8,5% təşkil edib. Orta illik inflyasiya yanvar-sentyabr aylarında 5,2%, orta illik baza inflyasiya isə (dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər və mövsümə həssas kənd təsərrüfatı məhsullarının qiymətləri nəzərə alınmayan inflyasiya) 3,3% olub.
Real faiz = Nominal faiz - inflyasiya
Nominal faiz bazarda formalaşan və ya banklar tərəfindən müəyyən olunan faizdir. Real faizi tapmaq üçün nominal faizdən inflyasiya faizi çıxılmalıdır. Əgər 2021-ci ilin sonunda Azərbaycanda inflyasiya 10%-ə çatarsa, banklara illik 6-10% ilə manat əmanəti yatıranlar ya zərərə düşəcəklər (çünki real faiz mənfi olcaqdır) ya qazanc əldə etməyəcəklər. (Marja)