Ekspertlər yaradılacaq mexanizmlə bağlı təkliflərini açıqladılar
Problemli kreditlərin həlli məsələsi yenidən aktuallıq qazanıb. Ölkə əhalisində dövlətin bu problemin həllinə dəstək verəcəyinə dair ümidlər getdikcə artır. FED.az xəbər verir ki, artıq dövlət qurumlarının da problemli kreditlərin həlli ilə bağlı hərəkətə keçdiyi, banklarla müzakirələrin başlandığı bildirilir.
Dövlət problemli kreditlərin həllində əhaliyə dəstək verəcəksə, bu, hansı həcmdə vəsait hesabına başa gələcək? Kredit borclarının ləğvi və ya güzəştli qaytarılması mexanizmi nələri özündə əks etdirməlidir? İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, elə strateji əhəmiyyəti olan məsələlər var ki, onunla bağlı qərarlar çox məsuliyyətlə qəbul edilməlidir: “Problemli kredit məsələsini hökumət 2015-2016-cı illər ərzində mütləq həll etməli idi. Çünki nə ev təsərrüfatlarının, nə də biznesin günahı olmadan məhz devalvasiya qərarını hökumət vermişdi. Və məhz bu qərar nəticəsində xarici valyutada borcu olan subyektlərin maliyyə institutları qarşısınıda borcları milli valuta ifadəsində kəskin şəkildə artmışdır.
Sonrakı mərhələdə bəzi banklar borcları restrukturizasiya etməklə (məsələn, güzəşt mexanizmləri əsasında ortaq razılaşdırılmış məzənnə ilə, borcun vaxtını uzatmaqla) həmin borcları xeyli azaltdı. Amma vətəndaşdan borcunu məhkəmə qaydasında, girovunu satışa yönəltməklə alanlar da oldu.
İndi 2019-cu ildə də bu problem qalır və həlli vacibdir. Amma bu məsələdə ehtiyatlı olmaqda fayda var".
Ekspertin fikrincə, problemin həlli üçün 4 məsələ göz önündə tutulmalıdır: “Birincisi, o borcların qaytarılmasına dövlət dəstək verməlidir ki, məhz devalvasiya nəticəsində xarici valyutada olan borclara görə izafi öhdəlik yaranıb. İkincisi, hökumətin dəstəyi ilk növbədə ev təsərrüfatlarının, mikro və kiçik sahibkarların borclarına münasibətdə tətbiq edilməlidir. Üçüncüsü, iri sahibkarlara, xüsusilə holdinqlərə bağlı şirkətlərə münasibətdə bu dəstəkdən mümkün qədər qaçmaq lazımdır. Əks halda, məsuliyyətsiz idarəetmə nəticəsində havaya sovrulmuş kreditlərə görə kimlərsə göydəndüşmə büdcə güzəşti qazanmış olacaq. Nəhayət, dördüncüsü, indiyə qədər problemli borclarını ən müxətlif yollarla ödəyə bilmiş ev təsərrüfatlarına da geriödəmə formasında kompensasiya olmalıdır. Əks halda, məsələn, əmlakını sataraq, yaxud yaxınlarından borclanaraq bu problemi həll etmiş insanlara qarşı bu ədalətsizlik olardı”.
Azərbaycanda aşağı məbləğli problemli kreditlərin ödənməsi üçün hansı həcmdə vəsaitə ehtiyac yarana bilər? Bu sahədə hansısa hesablamalar aparmaq mümkündürmü?
Suallara cavab verən iqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, problemli kreditlər məsələsi devalvasiyadan dərhal sonra həll olunsaydı, həm borclular, həm də banklar üçün daha böyük fayda vermiş olardı: “Çox təəssüf ki, o zaman dövlət problemin həllinə dəstək vermədi. Amma hər bir halda, belə bir təşəbbüs olarsa, onu dəstəkləyirəm. Çünki nə qədər insan var ki, kredit bataqlığındadır, çox böyük çətinliklərlə üzləşib. İstəyir adi vətəndaşlar olsun, istərsə də kiçik sahibkarlar”.
Ekspert bildirir ki, problemli kreditlərin həllinə tələb olunan dövlət vəsaitinin həcmi qəbul ediləcək qərardan asılıdır:“Qərar hazırda mövcud olan problemli kreditləri əhatə edəcək, yoxsa devalvasiyalardan dərhal sonra yaranan borclara şamil olunacaq - bilinmir. Hazırda problemli kreditlərin həcmi 1,6 milyard manatdır. Bundan xarici valyutada olanların həcmi 811 milyon manat təşkil edir. Burada sual yaranır: hansı kreditlər üzrə borclar bağışlanmalıdır? Əgər söhbət bütün kreditlərdən gedəcəksə, 1,6 milyard manat tələb olunacaq. Yox, əgər xarici valyutada olanlardan gedirsə, 811 milyon manat lazım olacaq. Düşünürəm ki, burada xarici valyutada olan kreditlərin dövlət tərəfindən qarşılanması nəzərdə tutulmalıdır. Çünki devalvasiyalar məhz bu qrupun borcunu kəskin artırmışdı. Digər bir məsələ də var ki, bir çoxları maşınını, evini, obyektini satıb zor-güc kreditini ödəyib. Belə insanlar üçün də kompensasiya nəzərdə tutulmalıdır. Çünki onlar da devalvasiyanın təsirindən zərər çəkən insanlardır. Üçüncü bir nüans var: banklar bir çox dollar kreditlərini restrukturizasiya etdilər, manata çevirdilər. Bu qrup da nəzərə alınacaqmı? Nəhayət, hansı tarixə olan kreditlərdən söhbət gedəcək: devalvasiyaya qədər götürülmüş kreditlərdən, yoxsa ondan sonra götürülənlərdən? Düşünürəm ki, devalvasiyadan əvvəl götürülən kreditlərə münasibətdə iki yanaşma olmalıdır: 21 fevrala qədər - yəni 0,78 manatla götürülənlər, bir də 21 fevral-21 dekabr aralığında 1,05 manatla götürülən kreditlər. Qəbul ediləcək qərarda bütün bu nüansların nəzərə alınması çox vacibdir”.
S.Əliyevin fikrincə, qərar verilərkən maksimum dərəcədə əhalinin və kiçik sahibkarların probleminin həllini diqqət mərkəzində saxlamaq lazımdır: “Elə bir mexanizm olmalıdır ki, daha çox əhali və kiçik sahibkarlara faydası olsun, nəinki iri şirkətlərə. Dəqiq dövlətin xərcinin nə qədər olacağını söyləmək çox çətindir. Düşünürəm ki, haradasa 500 milyon-1 milyard manat arası vəsaitdən söhbət gedə bilər. Bu, çox təqribi bir rəqəmdir, dəqiq məbləğ tətbiq ediləcək mexanizmdən asılıdır”.