Azərbaycanda problemli kreditlərin yaranmasının əsas səbəbi neftin kəskin ucuzlaşması və bunu nəticəsində manatın 2015-ci ildə baş verən devalvasiyası olub. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüş zamanı bildirib. Dövlət başçısı bildirib ki, həmin vaxt neftin kəskin ucuzlaşması ölkənin gəlirlərinin azalması ilə nəticələnmişdi. Amma sonradan manatın məzənnəsinin sabitləşməsi problemli kreditlər məsələsinin həllinə şərait yaradıb: «Problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir».
Dövlət başçısı bildirib ki, Azərbaycanın iqtisadi və maliyyə imkanı artdıqda problemli kreditlərin həlli gündəmə gəlib: «İlk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır».
"Problemli kreditləri ən yüksək səviyyədə həll etdik" - İLHAM ƏLİYEV
19:41
23 Aprel 2019