Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında” qanunu təsdiqləyib.
FED.az xəbər verir ki, qanuna əsasən, Azərbaycanda yerləşən Dünya Bankı Qrupu Təşkilatlarına bir sıra imtiyazlar və immunitetlər veriləcək. Sazişə əsasən, Dünya Bankı Qrupu Təşkilatları əmlakı və aktivləri harada yerləşməsindən asılı olmayaraq, icraedici və ya qanunverici tədbirlər nəticəsində aparılacaq axtarış, sərəncam, müsadirə (xüsusi müsadirəni istisna etməklə) ekspropriasiya və ya hər hansı həbs formasından azaddır.
Dünya Bankı Qrupu Təşkilatlarının arxivləri yerindən asılı olmayaraq toxunulmazdır.
Dünya Bankı Qrupu Təşkilatları, onların aktivləri əmlakı və gəliri, eləcə də əməloyyatları və transaksiyaları bütün birbaşa vergilərdən, o cümlədən pensiya və sosial sığorta məqsədləri üçün xərclərdən və gömrük rüsumlarından azaddır. Dünya Bankı Qrupu Təşkilatları həmçinin hər hansı vergi və ya rüsumun toplanılması və ya ödənilməsi öhdəliyindən azaddır.
Dünya Bankı Qrupu Təşkilatları, onların aktivləri, əmlakı və gəlirləri, eləcə də onların əməliyyatları və transaksiyaları dolayı vergilərdən, Dünya Bankı Qrup Təşkilatları tərəfindən rəsmi istifadə, iş və ya fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan mallar və xidmətlər əlavə dəyər vergisi və ya hər hansı digər dolayı vergilərdən azaddır.
Dünya Bankı Qrupu Təşkilatlarının heyəti Dünya Bankı Qrupu Təşkilatları tərəfindən onlara ödənilən əməkhaqqları və mükafatlandırmalara münasibətdə vergilərdən və digər icbari ödənişlərdən, Ofisdə xidmət edən Dünya Bankı Qrupu Təşkilatlarının heyəti və onların qəyyumluğunda olan şəxslər immiqrasiya məhdudiyyətlərindən və əcnəbilərin qeydiyyatından azad olunurlar. Bu immunitetin təsir dairəsini azaltmadan, Dünya Bankı Qrupu Təşkilatlarının ofisində xidmət edən heyəti Azərbaycan xarici İşlər Nazirliyində qeydiyyatdan keçir. Ofisdə xidmət göstərən Dünya Bankı Qrupu Təşkilatlarının heyəti və onların qəyyumluğunda olan şəxslər beynəlxalq böhranlar zamanı diplomatik missiyalarda onlara bərabər statuslu rəsmilərə təmin olunan eyni repartriasiya güzəştlərindən istifadə edirlər.
Dünya Bankı Qrupu Təşkilatlarının heyət üzvləri Azərbaycanda ilk dəfə öz vəzifələrinin icrasına başladıqları zaman öz mebelini və əşyalarını rüsumsuz idxal etmək hüququna malikdirlər. Bu müddəalar Azərbaycan vətəndaşı olan heyətə və onların qəyyumluğunda olan şəxslərə şamil edilmir. Eyni zamanda Azərbaycan Respublikası ofisin rəhbərinə və qəyyumluğunda olan şəxslərə qeyd edilən immunitetlərdən əlavə olaraq onun ərazisində yerləşən digər beynəlxalq təşkilatların və diplomatik missiyaların rezident nümayəndələrinə və onların qəyyumluğunda olan şəxslərə verdiyi imtiyaz, immunitet, azadolunma və güzəştlərə bərabər olan imtiyazları təqdim edir.
Bu müddəa Azərbaycan vətəndaşı olan ofis rəhbərinə və onun qəyyumluğunda olan şəxslərə şamil edilmir.
Xatırladaq ki, Dünya Bankı Qrupu Təşkilatlarına Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik (MIGA) və İnvestisiya Mübahisələrinin Nizamlanması üzrə Beynəlxalq Mərkəz (ICSID) daxildir.