Ödəniş kartları ilə aparılan əməliyyatlara dair məhdudiyyətlər dəyişib, məbləğlər artırılıb
Yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 500 manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 ildən çox ola bilməyəcək.
FED.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyəti “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda etdiyi dəyişikliklərdə əksini tapıb.
İndiyə qədər yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 150 (yüz əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 ildən çox ola bilməzdi.
Qüvvədə olan Qaydalara əəsasən ümumi dəyəri 1500 (min beş yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olan yüklənə bilinməyən əvvəlcədən ödənilmiş kartların eyni vaxtda bir şəxsə satışı yalnız kart istifadəçisinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatların emitentə təqdim edilməsi ilə həyata keçirilir.
Dəyişikliyə əsasən bu hal istisna olmaqla, belə kartlar üzrə kart istifadəçisinin eyniləşdirilməsi tələb edilməyəcək.
Mövcud Qaydalara əsasn istifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 50 manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 ildən çox ola bilməz. Dəyişikliyə əsasn bu məbləğ 100 manata qaldırılıb. Əgər bu vaxta qədər istifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 5 (beş) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 10 min manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməzdisə, artuq bu məbləğ 15 min manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməyəcək.
Dəyişikliklər kart vasitəsilə əməliyyatların aparılmasını da əhatə edir. Bundan sonra kart istifadəçisinin kart vasitəsilə pul köçürməsi hüququ da olacaq. Əgər indiyə qədər emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 20 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılırdısa, bu məbləğ 50 manata qaldırılıb. Digər tərəfdən, banklar və xidmət mərkəzləri ilə ölkə xaricində fəaliyyət göstərən kart təşkilatları arasında ölkə daxilində kartlar vasitəsilə aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın.
PİN kod yığılmadan 50 manat ödəmək olacaq
16:45
3 Sen 2018