Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” İrlandiya Fond Birjasında yerləşdirdiyi 500 mln. ABŞ dolları məbləğindəki avrobond üzrə ilk faiz ödənişini ötən gün həyata keçirib.
FED.az xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.
Qeyd edilib ki, avrobond sahiblərinin hesablarına ümumilikdə 14 687 500 dollar köçürülüb.
Qeyd edək ki, “Petkim (Petrokimya) Holding” 500 mln. ABŞ dolları məbləğində ilk avrobond emissiyasını bu il yanvarın 26-da İrlandiya Birjasında yerləşdirib. Tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub.
Faiz ödənişləri 6 ayda bir dəfə olmaqla müddət başa çatanadək hər il 26 iyul və 26 yanvarda həyata keçiriləcək.
“Petkim Holding” bu avrobondu Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün yerləşdirib. Bu il yanvarın əvvəlində "Petkim Holding" "SOCAR Turkey Enerji A.Ş"dən "Rafineri Holding"in 30% hissəsini 720 mln. ABŞ dollarına satın almaqla bağlı saziş imzalayıb. Bu sazişlə, "Petkim" STAR-da dolayı olaraq 18% pay sahibi olur.
Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.