Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “PMS İnformasiya Mərkəzi” yaradılıb.
FED.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını(PMS) alan və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər peşəkar mühasib kimi dövlət reyestrinə daxil ediləcəklər.
“PMS İnformasiya Mərkəzi” Peşəkar mühasib sertifikatının (PMS) əldə edilməsi, imtahanlarda iştirak qaydaları və qanunvericilikdən irəli gələn digər hallarla bağlı mühasiblərə dəstək olur. Onların mövzu ilə bağlı sualları Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinin və Maliyyə Elm-Tədris Mərkəzinin bu sahədə ixtisaslaşmış əməkdaşları tərəfindən cavablandırılır (tel: 012 404 81 50).
Məqsəd mühasiblərin peşəkarlığının artırılmasına dəstək verməkdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.