“Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır”.
FED.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o 25 illik pensiya stajı ilə pensiyaya çıxır:
“Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn, 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çox sayda müraciətlər olur”.
Eləcə də bax: Peşəkar mühasiblərlə bağlı - YENİ QAYDALAR
Ekspert deyib ki, vətəndaş 2006-cı ilədək, hətta 24 il işləyib amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir:
“Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda, belə amnistiyanın verilməsi çox vacibdir”.