Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik I oxunuşda - Qəbul Edildi
FED.az xəbər verir ki, dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.
Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Qanunun hazırkı bəndi isə belədir:
“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.
Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:
Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;
Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;
Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat müəyyən edilməsi).
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.(Report)