2022-ci ildə 95 istiqamətdə ümumilikdə 1401,7 mln. manat subsidiya icra edilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 4,4%-ni təşkil edib.
Hesablama Palatası: Dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli dərəcədə artıb
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.
Ötən il nizamnamə kapitalının artırılması məqsədilə İpoteka və Kredit Zəmanəti Fonduna 5 milyon manat, "Azərkosmos" ASC-yə 23 milyon manat, Aqrar Sığorta Fonduna 5.4 milyon manat ayrılıb. Daha 4.3 milyon manat "Suez Group" şirkəti qarşısında yaranmış maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün "Azərsu" ASC-yə verilib.
Ancaq bu vəsaitlər mahiyyəti baxımından subsidiya anlayışını ehtiva etmir. Dövlət Maliyyə Statistikası Təlimatına görə, nizamnamə kapitalının artırılmasına və borcların bağlanılmasına yönəldilən vəsait subsidiya sayıla bilməz. Yəni, ötən il subsidiya kimi ayrılan, ən azı, 38 milyon manat subsidiya kimi istifadə edilməyib.