Hesablama Palatası “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın köklü surətdə təkmilləşdirilməsini vacib sayır.
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Eləcə də bax: “Bulanıq suda balıq tutmaq bir az rahat olur”
Hesablama Palatasının tövsiyəsində qeyd edilib ki, Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nda buğda və arpa toxumunun istehsal edilərək satışına görə eyni subsidiya məbləği müəyyən edilib. Lakin təsərrüfatlara dövlət büdcəsindən subsidiya ödənilməsi üçün toxumçuların becərdiyi (əkdiyi) torpaq sahəsinin sənədlərinin və 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin yetişdirilərək satılması üzrə ödəniş sənədlərinin tələb olunmaması bu sahədə sui-istifadə hallarının yaranmasına yol açır. Hesablama Palatası mexanizmin səmərəliliyinə və dövlət büdcəsindən ayrılmış müvafiq vəsaitlərin (subsidiyaların) nəticəliliyinə mənfi təsir göstərdiyini nəzərə alaraq bu Qaydaların köklü surətdə təkmilləşdirilməsini tövsiyə edib.
“2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.