Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) maliyyə sektorunda fəaliyyət göstərən təşkilatlara Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) iş prinsipi haqqında təlim keçirilib.
FED.az xəbər verir ki, təlimdə bank və bank olmayan kredit təşkilatlarından 70 nəfərdən çox nümayəndə iştirak edib.
Palatanın mütəxəssisləri tərəfindən reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə məlumat verilib, həmçinin reyestrin elektron portalının iş prinsipi detallı izah edilib.
Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Təlimdə həmçinin reyestrin digər faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər qeyd edilib.
Reyestrin imkanlarından istifadə edilməsi barədə müzakirələr zamanı, Palata tərəfindən maliyyə qurumlarına mütəmadi olaraq reyestrin istifadəsinin tətbiqi üzrə məlumat dəstəyi göstəriləcəyi də bildirilib.
Qeyd edək ki, Daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə müvafiq olaraq yaradılmışdır. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2 may 2017-ci il Qanunu ilə Reyestrin yaradılmasının hüquqi əsasları müəyyən edilmişdir. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il Fərmanı ilə reyestrin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır.
Palata banklara əşyaları girov götürməyi öyrədib
09:36
28 Mart 2018