2025-ci il ərzində auditor xidməti bazarında xidmət haqqı məbləğlərini yolverilməz dərəcədə aşağı salmaqla Palatanın digər üzvlərinə qarşı haqsız rəqabət, keyfiyyətsiz xidmət və dempinq halları davam edib.
Audotorlar Palatasından FED.AZ biznes xəbər saytına verilən məlumata görə, 2025-ci il ərzində də əvəllki illərdə olduğu kimi auditor xidmətləri bazarında qiymətlərin yolverilməz dərəcədə aşağı salınması, dempinq xarakterli təkliflərin verilməsi və bunun nəticəsində digər auditor subyektlərinə qarşı haqsız rəqabət mühitinin formalaşması ilə bağlı məsələlər Auditorlar Palatasının xüsusi nəzarətində olmuşdur.
İl ərzində Palata həm planlı, həm də daxil olmuş məlumatlar əsasında apardığı monitorinqlər çərçivəsində bir sıra təşkilatların bazar qiymətlərinə uyğun olmayan, obyektiv əsasları göstərilməyən xidmət haqları ilə çıxış etdiyini müəyyən etmişdir. Bu cür təcrübə təkcə peşə prinsiplərinə zidd deyil, həm də göstərilən xidmətin keyfiyyətinin aşağı düşməsi, auditor rəyinin etibarlılığına xələl gətirilməsi və ümumi peşə nüfuzunun zəifləməsi kimi ciddi risklər yaradır.
Aşkar olunmuş hallar üzrə Palata tərəfindən hər bir fakt ayrı-ayrılıqda araşdırılmış, nəticə etibarilə 23 auditor təşkilatına və 7 sərbəst auditora xəbərdarlıq edilmiş, 1 sərbəst auditora töhmət elan olunmuş və 1 auditor təşkilatı 6 ay müddətinə peşə fəaliyyətindən kənarlaşdırılmışdır.
Palata bildirir ki, ümumilikdə auditor xidmətləri bazarında sağlam rəqabət mühitinin qorunmasına, xidmət haqqının obyektiv iqtisadi əsaslarla formalaşmasına və audit fəaliyyətinin keyfiyyətinin təmin olunmasına xüsusi önəm verir. Bunun üçün həm normativ bazanın təkmilləşdirilməsi, həm də nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.









