22–23 oktyabr 2025-ci il tarixlərində Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının (ACIPE) üzvü Özbəkistan Respublikasının Kredit Bürosu – Kredit Məlumatları Analitik Mərkəzinin İcraçı direktoru Sanjar Maksutovun rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyəti Azərbaycan Kredit Bürosuna işgüzar səfər etmişdir.
FED.az xəbər verir ki, səfərin məqsədi Kredit Büroları arasında qabaqcıl təcrübələrin bölüşülməsi, eləcə də Kredit Bürolarının təqdim etdiyi məhsul və xidmətlərlə yaxından tanış olmaq olmuşdur.
Azərbaycan Kredit Bürosunun baş ofisində keçirilən iki günlük görüş zamanı AKB Hub, FinVision, FinScore, Findoc, Skorinq və PD Rate kimi innovativ analitik məhsul və xidmətlər təqdim olunmuş, onların funksionallığı, tətbiq imkanları və bank-maliyyə sisteminin təkmilləşdirilməsində və maliyyə inklüzivliyinin artırılmasında rolu haqqında ətraflı məlumat verilmişdir.
Eləcə də, Özbəkistan Kredit Bürosu öz növbəsində məhsul və xidmətlərini nümayiş etdirmişdir.
Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmiş və qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəlmişdir.
Xatırladaq ki, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının əsası 17 aprel 2018-ci ildə Bakı şəhərində qoyulmuşdur. ACIPE beynəlxalq təşkilat olmaqla 11 ölkənin 14 kredit bürosu və 2 assosiativ üzvü birləşdirir.















