Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Eliko” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 000 manat cərimələnib.
FED.az biznes və maliyyə xəbərləri portalı AMB-yə istinadən xəbər verir ki, bu barədə valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən qərar verilib.
Qeyd edək ki, sözügedən 602.4-cü maddə 602.4. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma ilə bağlı pozuntuları nəzərdə tutur.
Bundan başqa, “Eliko” MMC ötən il ərzində 6 dəfə Mərkəzi Bankın qaydalarını pozub. Belə ki, ötən ilin yanvar ayında valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar şirkətin vəzifəli şəxsi 10 min 334 manat cərimələnib. Elə həmin ayda şirkətin daha bir vəzifələi şəxsi eyni səbəbdən 1 500 manat cərimələnib.
Ötən il başlayan kimi iki dəfə cərimələnən şirkətə 2 ay sonra – mart ayında qanunla tələb olunan aylıq hesabatı vaxtında vermədiyi üçün icrası məcburi göstəriş verilib.
Ötən ilin iyul ayında da şirkətin vəzifəli şəxsi 14 min 169 manat, avqust ayında 1 000 manat, oktyabr ayında 10 min manat cərimələnib.












