Mərkəzi Bankla Azərbaycan Fintex Assosiasiyası və digər Fintex nümayəndələri ilə video-konfrans formatında növbəti görüş keçirilmişdir.
Eləcə də bax: Ani Ödənişlər Sisteminə daha - 3 Bank Qoşulub
FED.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, görüşdə yerli və xarici ödəniş xidmətləri bazarlarında müasir inkişaf tendensiyaları, nağdsız ödənişlərin stimullaşdırılması və maliyyə savadlılığının artırılması ilə bağlı tədbirlər, həmçinin rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsində mühüm rol oynayacaq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi müzakirə edilmişdir.
Müzakirələr zamanı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə həyata keçirilən layihələrə ödəniş təşkilatları, elektron pul təşkilatları və bu kimi digər Fintex təşkilatların aktiv cəlb edilməsi üçün qanunvericilik əsaslarını yaradacığı vurğulanmışdır. Belə ki, Qanun layihəsi və ondan irəli gələn hüquqi aktlar qəbul olunduqdan sonra bu təşkilatların göstərdiyi xidmətlər üzərində effektiv tənzimləmə və nəzarət çərçivəsi tətbiq ediləcəkdir.
Eyni zamanda, rəqəmsal ödəniş texnologiyaları sahəsində tənzimləyici test rejiminin və məsafəli bank xidmətlərinin həyata keçirilməsində innovativ həllərin tətbiqinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçiriləcəkdir.
"Ölkəmizdə fəaliyyət göstərən bank olmayan ödəniş xidməti təchizatçılarını ümumi maraqlar əsasında birləşdirən, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmış “Azərbaycan Fintex Assosiasiyası” ictimai birliyi ilə birgə ölkədə rəqəmsal ödəniş ekosistemininin genişləndirilməsi, Fintexlərin həmin ekosistemdə rolunun daha da gücləndirilməsi, həmçinin maliyyə texnologiyalarının inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir", - məlumatda bildirilir.