Azərbaycanda kreditlə və ya nisyə mal satan ticarət obyektlərinə nəzarət artırılır.
FED.az xəbər verir ki, artıq bu qurumlar da müştəriləri barədə kredit məlumatlarını – yəni müştərilərin kredit tarixçələrini Kredit bürosuna təqdim etməlidirlər. Məlumatları təqdim etməyən və ya düzgün təqdim etməyənlərə böyük cərimə tətbiq olunacaq.
Bu İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 440.3-cü maddədə göstərilir.
Yeniliyə görə, kredit tarixçələrindəki məlumatı düzgün və vaxtında təqdim etməyən nisyə mal alqı-satqısı ilə məşğul olanlar 12 min manatadək cərimələnəcək.
Yeni bəndə əsasən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500- 2 000 manat, , hüquqi şəxslər 10 000 - 12 000 manat cərimə olunacaq.