Ötən gün neft bazarlarında “qara qızıl” gözlənilmədən ucuzlaşdı.
Belə ki, WTI markalı Amerika neftinin may ayı üçün satış qiyməti əvvəlcə, 0 dollar, daha sonra isə -38 dollar səviyyəsinə qədər gerilədi. Bu 1983-cü ildə birjada neft qiymətlərinin hesablandığı andan indiyədək görünməmiş hadisə idi.
Eləcə də bax: Neftin qiyməti niyə mənfiyə düşdü? - EKSPERT RƏYİ
Dünyada iqtisadiyyatı neftdən aslı olan azsaylı ölkələrdən biri də Azərbaycandır. Maraqlıdır, qiymətin belə kəskin şəkildə aşağı düşməsi milli valyutaya necə təsir edəcək? Manatın məzənnəsinin düşmə ehtimalı varmı?
FED.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, karantin dövründə manatın məzənnəsi dəyişə bilməz, amma bu müddət bitdikdən sonra məzənnə dəyişimi mümkündür:
“Dünən neft bazarında baş verənlər bir qədər fərqli mənzərələr idi. Hamılıqla may fyuçerslərinin kəskin ucuzlaşmasının şahidi olduq. Ümid var idi ki, may ayında dünya ölkələri karantin rejimini ləğv edəcək, sərhədlər açılacaq. Amma ard-arda gələn qərarlar onu göstərdi ki, ABŞ-ın bir çox ştatları və Avropa ölkələrində may ayında da karantin rejimi davam edəcək. Buna görə də may ayının fyuçersləri kəskin şəkildə aşağı düşdü. Amma bu gündən etibarən vəziyyət nisbətən düzəlməyə başlayıb. Çünki dünən Trampın açıqlamaları da oldu ki, ABŞ istehsalçılardan 70 milyon barel neft alacaq. Bu açıqlama vəziyyəti bir az sakitləşdirdi. Növbəti dəfə qiymətlərin kəskin düşməsi may ayının 19-da müşahidə oluna bilər. Yəni əgər iyunda karantin ləğv edilməsə belə addım təkrarən mayda iyun fyuçerslərinin aşağı qiymətlə satılması ilə nəticələnəcək.
Bizdə manatın məzənnəsi inzibati yollarla müəyyənləşir. Ona görə də manatın qiymətinin aşağı düşməsi hökumətin və Mərkəzi Bankın verəcəyi qərardan aslı olacaq. Karantin dönəmində isə məzənnə dəyişikliklərinin olacağını düşünmürəm. Ümumiyyətlə, bu qərarın verilməsi doğru olmazdı. Çünki iqtisadiyyat onsuz da sanki donub. Ona görə də karantindən bir müddət sonra əgər neft bazarında vəziyyət indiki səviyyədə qalacaqsa, o zaman Azərbaycan hökuməti və Mərkəzi Bankı manatın məzənnəsi ilə bağlı bəzi qərarlar verə bilərlər”.