Amerikalı iqtisadçı Daniel Yergin “Neft – pul və güc münaqişəsinin epik hekayəsi” adlı məşhur kitabında neftin XX əsr boyunca üstünlük və hökmranlıq simvolu olduğunu yazır. Dünyada gedən son proseslər göstərir ki, əslində bu sözləri XXI əsrə də aid etmək olar. Hazırda dünya birjalarında bir barel neftə qoyulan qiymət bütün ölkələrin iqtisadiyyatına öz təsirini göstərir. Bu yaxınlarda yaşadığımız COVID-19 pandemiyasının ən qızğın dövründə neft və neft məhsullarına olan tələbatın aşağı düşməsi “qara qızıl”ın kəskin şəkildə ucuzlaşmasına səbəb oldu. Ardınca yaşanan Rusiya-Ukrayna münaqişəsi isə əksinə, Avropa ölkələrində enerji daşıyıcılarının qiymətinin rekord həddə çatması ilə nəticələndi. Bəs dünya bazarında neftin qiyməti necə formalaşır, bu prosesə hansı faktorlar təsir göstərir?
FED.az investisiya və risklərin idarə edilməsi üzrə 10 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssis Eltun Aydınoğlunun müsahibəsini təqdim edir:
- Neftin qiymətinə bu sahədəki kartel siyasəti necə təsir göstərir?
- Hazırda ayrı-ayrı ölkələrdə bu cür qruplaşmalara anti-inhisar qurumları nəzarət etsə də, 1930-1960-ci illərdə neftin qiymətini adına “Yeddi bacı” deyilən ABŞ-ın 5 və Avropanın 2 şirkətindən ibarət neft karteli təyin edirdi. 1960-ci ildə bazarda yüksək neft təklifi olduğuna görə, həmin kartel qiymətləri hədsiz dərəcədə aşağı saldı ki, nəticədə də İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesueladan ibarət yeni kartel yarandı. Hazırda biz bu qurumu OPEC kimi tanıyırıq. Neft istehsal edən ölkələrin qurduğu bu təşkilata qarşı neft idxal edən ölkələr 1974-cü ildə Beynəlxalq Enerji Agentliyini qurdu. Agentliyin əsas məqsədi neft ehtiyatlarının yaradılması və qiymətlər qalxan vaxt həmin rezervləri bazara çıxarmaqla qiyməti nəzarət altında saxlamaq idi.
2016-ci ildə neftin qiymətinin yenidən aşağı düşməsi ilə əlaqədar olaraq OPEC ölkələri neft istehsal edən digər ölkələrlə güclərini birləşdirdi və nəticədə OPEC+ yarandı. Yeni quruma Rusiya da daxil oldu.
- Bəs kapital bazarlarının neftin qiymətinə təsirini necə qiymətləndirmək olar?
- 1980-ci illərədək artıq kənd təsərrüfatı malları və qiymətli metallar üçün maliyyə bazarlarında risklərin sığortalanması mexanizmləri - hedcinq mövcud idi. Belə ki, alınıb satılan əmtəələrin qiyməti gələcək çatdırılma şərtləri ilə əvvəlcədən sabitlənirdi. ABŞ investorları eyni sxemin neft sahəsinə də tətbiq edilə biləcəyini düşündülər və Nyu-York Əmtəə Birjasında (NYMEX) ilk fyuçers müqavilələri imzalandı. Yeni mexanizm neftin dəyərini öncədən qiymətləndirməklə yanaşı, onunla spekulativ oyunlar aparmağa yol açdı, ümumiyyətlə, neftin qiymətinin müəyyən olunmasında yeni mərhələyə gətirib çıxartdı. Artıq neft bazarı fiziki və kağız bazarlarına bölündü. Belə ki, kağız bazarında fiziki neft deyil, yalnız maliyyə öhdəliklərinin icrası üçün istifadə olunan yüksək likvidli aktivlər, yəni kvazi-pullar iştirak edirdi.
Bu mərhələdən sonra neftin qiymətinə yalnız qlobal tələb-təkliflər, iqtisadi yüksəliş-enişlər, siyasi dəyişikliklər, embarqolar, müharibələr deyil, eyni zamanda, kapital bazarları, valyuta məzənnələri (xüsusən də dolların digər valyutalara nisbətdə kursu) də təsir etməyə başladı.
Neftin qiyməti dünya bazarında tarixi maksimumunu 2008-ci ildə yaşasa da (140 ABŞ dolları/barel), növbəti 12 il ərzində bir barel neftin qiyməti 20 dollara qədər endi və hazırda 85-90 dollar/barel civarında alınıb-satılır.
Fikrimizcə, hazırkı dövrdə neftin qiymətinin ən optimal səviyyəsi bir barel üçün 100 ABŞ dollarıdır. Bu qiymət səviyyəsi ərəbləri inflyasiyadan qorunmaq üçün (çünki 120-130 dollarlıq qiymət çox risklidir), Rusiyanı isə nefti onsuz da diskontla satdığı üçün tam qane edir.
Sonuncu dəfə Federal Ehtiyat Sisitemi (FED- Federal Reserve System) faiz dərəcələrini bir qədər də artıraraq 3,25 faizə çatdırdı. Dolların neftlə əks korrelyasiyada olmasını nəzərə alsaq, böyük ehtimalla OPEC+ ölkələri növbəti iclaslarda istehsalı dayandırmaq barədə qərar qəbul edərək qiymət artımına nail olmağa çalışacaqlar.
- Neftin qiymətinə marka və etalonların təsiri nədən ibarətdir?
- Dünyada onlarla neft növü satışa çıxarılır ki, onların da hər biri kimyəvi xüsusiyyətlərinə görə fərqlənir. Hazırda beynəlxalq bazarlarda neftin bir neçə çeşidi mövcuddur. Elə həmin çeşidlər də etalon və ya marker hesab olunur. Etalon neft məhsullarının dəyərinə əsasən neftin digər növlərinin qiymətləri müəyyən olunur. Digər neft növləri kimyəvi xüsusiyyətindən asılı olaraq, etalon neftə nəzərən ya “premium”, ya da “diskont”la satılır.
Yüngül sıxlıqlı neftdən daha çox məhsul almaq mümkün olduğuna görə, daha yüksək qiymətləndirilir, lakin son texnologiyalar bazarda bu anlayışı dəyişmək üzrədir.
Hazırda dünya neft bazarında 3 əsas marker movcuddur: “Brent”, WTI (West Texas Intermediate - Qərbi Texas Nefti ) və Dubay nefti. “Brent” markalı neft, əsasən, Avropa və OPEC ölkələri üçün standart hesab olunur. WTI adından da göründüyü kimi, Amerikanın, Dubay nefti isə Birləşmiş Ərəb Əmirliklərinin etalonudur. Bundan başqa, “Oman”, “Urals”, ESPO etalonlari da mövcuddur. Rusiya nefti “Urals” kotirovkası üzərindən götürülür və hər zaman “Brent”ə nəzərən 1-2 ABŞ dolları diskontla satılırdı. Lakin son geopolitik hadisələr və Rusiya neftinə qoyulan sanksiyalar səbəbindən cari ilin fevralindan 20-30 dollaradək endirimlə təklif olunur.
- Hazırda dünyada, xüsusilə də Avropada müşahidə olunan enerji böhranı tarix boyu baş vermiş belə hallardan nə ilə fərqlənir?
- Bəzi faktorlara görə, bu böhran 1970-ci illərin neft börhanını xatırladır. Həmin dövrdə də geosiyasi proseslər dünyada enerji təchizatının pozulmasına gətirib çıxarmışdı. Bununla belə, hazırkı böhran iki mühüm amilə görə fərqlənir. Birincisi, 1970-ci illərdə qlobal neft böhranı qeydə alınmışdı, hazırda isə qlobal enerji böhranı yaşanır, yəni proses neftlə yanaşı, təbii qaz, kömür və uranı da əhatə edir. İkinci amil isə ondan ibarətdir ki, indiki böhran iqlim böhranı fonunda baş verir. Yəni, 1970-ci illərdə Avropa alternativ yanacaq kimi kömürdən istifadə edirdisə, hazırda bu yanacaq növü iqlim təhlükəsizliyi baxımından məqbul hesab olunmur. Hazırkı böhran həm də onunla unikaldır ki, indi bazar daha likviddir və keçmiş böhranlardan uğurla çıxmış institutlar budəfəki böhrana daha tez uyğunlaşa bilir. Qisacası, dünya indiki böhrana tab gətirmək üçün daha yaxşı vəziyyətdədir və buna hazırdır.
- Sizcə, Rusiya-Ukrayna münaqişəsi dünyada yaşanan enerji böhranının əsas səbəbi hesab oluna bilərmi?
- Sözügedən münaqişə dünyadakı enerji böhranına təkan versə də, əsas səbəb bu deyil. Yaşanan enerji böhranının başlıca səbəbi iqlim dəyişikliyi fonunda neft-qaz sənayesinə qoyulan yanlış investisiyalardır. Bir qədər bundan əvvəl inkişaf etmiş ölkələr alternativ enerji mənbələrinə yatırım etdikləri halda, hazırda uzun müddətli planları qısa müddətli tələbatlara dəyişmək lazım gəlir. Məsələn, qısa müddətli, eyni zamanda gələcəkdə böyük perspektivi olan yeni enerji marşrutları açılır. Logistika demək olar ki, deformasiyaya uğrayıb, çünki həm marşrutlar, həm də daşınma üsulları dəyişir. Məsələn, Avropaya yaxın bir neçə terminal ya fəaliyyətini dayandırıb, ya da qismən fəaliyyət göstərir. Dəmir yollarında durğunluq yaranıb, vaqonların icarəsi ilə bağlı çətinliklər var, yük maşınları ilə daşımalar isə əksinə, artıb. Su yolu ilə Volqa-Don istiqaməti üzrə daşımalar artıq prioritet hesab olunmur. Azərbaycan və Gürcüstan Qara dənizə çıxış üçün əsas ölkələrə çevrilib. Hazırda Azərbaycan dəmir yolları yeni inkişaf mərhələsini yaşayır. Belə ki, Rusiya, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İrandan keçən dəmir yolları Bakıda birləşir və buradan Gürcüstan vasitəsilə Qara dənizə çıxır.
Ümumiyyətlə, açılan yeni enerji marşrutlarında Azərbaycan əsas tərəfdaş ölkə rolunda çıxış edə bilər. Çünki əgər əmtəə ticarəti üzrə Dubay yeni və genişlənməkdə olan mərkəz sayılırsa, Bakı bütün əsas enerji yollarının kəsişdiyi yeni logistika üçün başlıca dəhliz hesab olunur.
- Müsahibə üçün təşəkkür edirik!
(Marja)