Azərbaycan Dövlət Neft Fondu (ARDNF) maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsirini açıqlayıb.
Fonddan FED.az-a bildirilib ki, 2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunmuş və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərmişdir. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunmuş, müsbət gəlirlilik əldə edilmiş, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə vermişdir.
Birinci rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləmişdir. Birinci rübün sonlarından etibarən bu meyil əksinə dönmüş, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirmiş və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olmuşdur. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir etmiş, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirmişdir.
Qlobal səhm bazarları birinci rübün əvvəlində müsbət nəticələr göstərmiş, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən birinci rübün qalan hissəsində geriləmişdir. İkinci rübdə bazarlarda bərpa müşahidə edilmiş, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olmuşdur. İkinci rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərmiş və volatillik yenidən artmışdır.
Qızılın qiyməti birinci rübün əvvəlində kəskin artmış, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olmuşdur. Birinci rübün sonunda isə qiymətlər kəskin azalmış və real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində davam etmişdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat), 2026-cı il iyun ayının 30-na isə, 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil etmişdir.














