Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin ilk rübü üzrə gəlir və xərclərini açıqlayıb.
Eləcə də bax: Dövlət Neft Fondunun dollarda valyuta satışı martda 42 faizə yaxın - ARTIB
Fonddan FED.az-a bildirilib ki, 2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 milyard 764,5 milyon manat təşkil edib.
2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 616,7 milyon manat qazanıb.
Bu dövrdə fond mənfəət neftinin və qazın satışından 3 845,6 milyon manat,
bonus ödənişləri kimi 765,3 milyon manat,
tranzit gəlirləri olaraq 5,8 milyon manat əldə edib.
Beləliklə, qeyd edilən dövrdə ARDNF – nin 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnozanisbətən təqribən 45% səviyyəsində icra edilmişdir.
Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 milyard 660,8 milyon manat olub. Əvəzində fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 214,3 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF dövlət büdcəsinə 2 milyard 757,0 milyon manat köçürüb. 2,2 milyon manat isə xaricdə ali təhsilin maliyyələşdirilməsi proqramına sərf edilib.
2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,3 milyon manat təşkil etmişdir.
2022-ci il martın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0,53 % artaraq 45 264,0 milyon ABŞ dolları təşkil etmişdir.
Fond bildirir ki, 2022-ci ildə gəlirlərdə artım əsasən neft qazın qiymətinin artımına görə baş verib. İnvestisiya portfelinin idarə edilməsindən gəlir gözləniləndən aşağı olub – səbəbi qlobal bazarlarda baş verən proseslərdir: «2022-ci ilin ilk rübündəki qlobal makro-iqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirmişdir. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geo-siyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri - ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olmuşdur ki, bu da ARDNF – nin investisiya portfelinə təsirsiz ötüşməmişdir».
«Bununla yanaşı qeyd etmək lazımdır ki, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnmişdir ki, bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olmuşdur»-deyə fond bildirib.