Səudiyyə Ərəbistanının hasilatını azaltması və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinə dair nikbin gözləntilər ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:28-də Brent nefti 1% bahalaşma ilə 67,10dollardan alıcı tapıb. ABŞ xam nefti isə 1,4% bahalaşaraq 57,28 dollara qalxıb.
"Bloomberg"in hesablamalarına görə, Səudiyyə Ərəbistanı Yanvar ayında öhdəlik götürdüyündən daha çox neft hasilatını azaldıb. Ancaq OPEC+ koalisiyanın 21 üzvündən 10-u qlobal təklif bolluğunu aradan qaldırmağı hədəfləyən müqavilədə öhdəlik götürdükləri miqdara tabe olmayıb.
ABŞ və Çin arasında ticarət danışıqları Çərşənbə axşamı günü yenidən başlayıb. ABŞ, razılaşma təmin olunmasa, 1 Martda Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməyə başlayacaq.
"Neft qiymətləri OPEC + koalisiyanın hasilatı azaltması və xüsusən Səudiyyə Ərəbistanının qiyməti qaldırmaq mövzusundakı əzmindən dəstək alır. Həmçinin ABŞ ilə Çinin ticarət münaqişəsini həll edəcəkləri barədə artan bir nikbinlik var",- analitiklər bildirirlər.