Nağdsız hesablaşma forması nədir? Nağdsız hesablaşma nağd vəsait istifadə etmədən çek, plastik kart, ödəniş tələbnaməsi və müasir dövrdə hətta elektron pul və mobil pul kisələrinin tətbiqi ilə həyata keçirilir.
Pul - qarşılıqlı hesablaşma vasitəsidir. Tarixə nəzər salsaq, cəmiyyətə mübadiləni həyata keçirmək üçün müəyyən məhsullar şəklində universal ekvivalent lazım idi. İlk mərhələdə - mallar, ikinci mərhələdə - qızıl, üçüncü mərhələdə isə kağız və ya kredit pullar istifadə olunmuşdur. Pul daha rahat və əlverişli forması olmaqla təkamülü sürətləndirirdi. Bu gün isə elektron ödəniş növləri dövriyyədə olan nağd pul ehtiyacını tədricən əvəzləməkdədir.
Pulun təkamülü
Təsvir 1
20-ci əsrin 60-70-ci illərində böyük sayda ölkələr öz banklarında tədricən kart sistemini tətbiq etməyə başlamış və kart sistemi sürətlə beynəlxalq səviyyədə yayılmağa başlamışdır.
Bizim zamanımızda, insanların orta hesabla ayın 68 saatını telefona sərf etdiyi bir vaxtda, nağdsız ödəniş alətləri öz təkamül prosesinin yeni bir mərhələsinə çatmaqdadır. Məsələn, Beynəlxalq Hesablaşmalar Bankının məlumatına əsasən İsveç iqtisadiyyatında nağd vəsait ümumi pul kütləsinin yalnız 3%-ni təşkil edir, ABŞ-da is bu rəqəm 7% ətrafında dəyişir. Tədricən daha çox ölkə nağd hesablaşmalardan daha rahat, ucuz və effektiv olan nağdsız ödəniş həllərinə keçməkdədirlər.
Nağdsız ödənişlərin əsas üstünlükləri hansılardır?
RAHATLIQ
Nağdsız ödənişlərin (bank kartları və ya virtual hesablaşmaların digər üsulları olmasından asılı olmayaraq) əsas üstünlüklərindən biri onların tətbiq edilməsinin rahat olmasıdır. Üzərinizdə böyük miqdarda nağd pul daşımağa ehtiyac qalmır, ammahəm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanınız hələ də olur. Hər dəfə pul çıxarmağa, böyük əskinazları xırdalamağa, habelə pul qalığını xırda qəpiklərlə geri almağa ehtiyac qalmır. Məsələn, bank kartlarına sahib olan insanlar üçün ATM-dən nağd pul çıxarmaq tələb olunmur; dükanda alınan malların qiymətlərini, kommunal və ya mobil xidmətləri nağdsız ödəmək mümkündür. İstənilən xidmət nöqtəsində (bankın ATM-ə və ya filialında) nağd pul ala bilmək və ya uzaqda olan dost və yaxınlara ani pul köçürmələri etmək imkanı yaranmışdır.
TƏHLÜKƏSİZLİK
Düzgün istifadə olunarsa, nağdsız hesablaşmalar vasitəsi mal və ya xidmət üçün daha etibarlı bir ödəniş üsuludur. Birincisi, onlar hər bir insana üzərində böyük miqdarda nağd pul daşımamağa və onların təhlükəsizliyi barədə narahat olmamağa imkan verir. İkincisi, pul kisəsinin itirilməsi (oğurluq, zərər, fiziki məhv və s.) halında adətən nağd pul vəsaitini geri qaytarmaq alınmır, lakin bank kartı və ya mobil pul hesabında olan vəsaitləri istifadəyə qarşı bloklamaq olar. Vəsaitlərin itirilmə riskinin azalması və onların bərpa olması ehtimalı sahibinə pullarının qorunmasına dair əminlik verir.
XƏRCLƏRƏ NƏZARƏT
Nağdsız hesablaşmalar alətləri bütün ödənişlər barədə məlumatların saxlanılmasını təmin edir. Xərclər haqqında ətraflı məlumat əldə edərək, "Pul hara xərcləndi? " kimi tez-tez yaranan sualların cavabını tapa bilərsiniz. Mal və ya xidmətlərə görə kredit kartla ödənişiniz faktiki hesabınızdan ödəniş etmək üçün banka verdiyiniz tapşırıqdır. Bütün ödənişlərin elektron nüsxəsinin sizdə olması zəruri əməliyyatı izləməkdə sizə kömək edəcək. Məsələn, alınan mallar keyfiyyətli olmadıqda, malların qaytarılmasından əsassız imtina halında ödənişdən imtina etmək imkanı var. Nağd ödəniş halinda, keyfiyyətsiz mala görə pulunuzun geri alınması üçün qəbzin olması tələb olunur və əgər qəbz itirilmişdirsə və ya yararsız hala düşmüşdürsə, malı geri qaytarmaqda çətinliklə üzləşəcəksiniz.
BÜDCƏ İNTİZAMI
Xərcləriniz haqqında məlumatı təhlil edərək, büdcənizi daha yaxşı idarə edə və xərclərinizi əvvəlcədən planlaşdıra bilərsiniz. Bu gün bank hesabından çıxarışlarla ilə yanaşı, xərcləri izləmək üçün böyük sayda mobil proqramlar və digər alətlər var. Məsələn, SMS-bildirişlər vasitəsilə asanlıqla hesabınızın balansı haqqında məlumat ala bilərsiniz. Bu, öz növbəsində, sizə düşünülmüş şəkildə lazımsız xərcləri azaltmağa və eyni zamanda vəsaitlərinizə qənaət etməyə, habeləonları artırmağa kömək edəcəkdir.
ƏLAVƏ XİDMƏTLƏR
Müasir dövrdə banklar və bir sıra xidmət müəssisələri müştəri loyallığının artırılmasına yönəlmiş əlavə xidmətlər təklif edirlər. Bu xidmətlərin siyahısına nağdsız ödəniş formalarından istifadə üçün marağı artırmaq məqsədilə endirim proqramları, bonus xalların verilməsi, xüsusi xidmətlərdən istifadə imkanı (hava limanı, mehmanxana, və s.), dünyanın bütün ölkələrində mal və xidmətlərə görə faizsiz ödəniş etmək kimi təkliflər daxildir.
Teymur Heybətov, Maliyyə sektoru mütəxəssisi, Beynəlxalq Maliyyə Korporasiyası
Nağdsız ödəniş bizə nə verəcək? - MƏQALƏ
12:32
7 Fev 2018