Bu ilin iyul ayının sonunda ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 306 min ədəd artaraq 15 milyon 346 min ədəd təşkil edib.
Bank sektorunda çalışanların - SAYI ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,5 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 18,7 faiz, kredit kartları üzrə 24,5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 404 min, digər kartlar isə 1,8 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artım qeydə alınıb. 2023-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4556 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3583 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 965 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 53 faizini təşkil edib.