Bakıda Maliyyə Nazirliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiya (ARPA) ilə birgə «Mühasibat uçotu haqqında» qanuna edilmiş dəyişikliklərlə bağlı ölkənin aparıcı dövlət müəssisələrinin, audit şirkətlərinin və korporativ sektorun iri nümayəndələrinin və maliyyə sektorunun iştirakı ilə tədbir keçirilib.
FED.az xəbər verir ki, tədbir zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva qanunda olan dəyişikliklər barədə ictimaiyyətə ətraflı şərh verib. Tədbirdə maliyyə sahəsində çalışan çox sayda ekspertlər də iştirak edərək aidiyyatı suallar vermis, öz mülahizələrini ictimaiyyətlə bölüşmüşlər.
ARPA-nın İcraçı Direktoru Ə.Bayramovun sözlərinə görə, ARPA peşəkar mühasib təşkilatı olaraq mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər nazirlikləri ilə fəal əməkdaşlıq edir. Mühasibatlıq sahəsində atılan önəmli addım ARPA-da bu sahədə yeni komitənin təsis edilməsi olmuşdur. Qeyd edilən komitəyə mühasibatlıq sahəsində böyük təcrübəyə malik olan Firudin Sultanov sədrlik edir.
Qanuna son dəyişikliklərdə ilk dəfə olaraq peşəkar mühasib anlayışı öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarda iştirak edərək sertifikat əldə etməsi, eləcə də Peşakar Mühasibat Təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatına üzv olması tələb olunur.
Həmin qanun özündə maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar tam olaraq belnəlxalq standartlara keçilməsi,mühasibat uçotunun aparılması ilə əlaqədar uçot qaydalarının qəbul edilməsi ilə bağlı müddəaları əks etdirir.
Eyni zamanda qanuna peşəkar mühasiblər təbəqəsinin yaradılması ilə əlaqədar müvafiq müddəalar daxil edilmişdir.
2009-cu ildən fəaliyyət göstərən ARPA müxtəlif yerli sertifikasiya modelləri təsis etmiş və beynəlxalq səviyyəli imtahanların keçirilməsində təcrübə qazanmışdir.
"Mühasibat uçotu haqqında" qanuna edilmiş dəyişikliklər müzakirə edilib
13:22
20 İyun 2018