“Moody`s” beynəlxalq reytinq agentliyi hesab edir ki, türk lirəsinin ucuzlaşması SOCAR şirkətinin STAR NEZ-in tikintisinə investisiyaların qaytarılması müddətinin uzadılmasına gətirəcək.
FED.az xəbər verir ki, “Moody`s”in SOCAR-a dair dərc etdiyi icmalda vurğulanır ki, türk lirəsinin devalvasiyası şirkət üçün müəyyən risklər yaradır.
“Son 5 il ərzində lirə 70%, 2018-ci ilin əvvəlindən - 40% ucuzlaşıb. Mübadilə məzənnəsinin volatilliyi və son 12 ay ərzində dəyərinin yarısını itirən lirənin ucuzlaşması SOCAR üçün ABŞ dollarında yatırılan investisiyaların qaytarılması ilə bağlı problemlər yaradacaq”, - agentlik qeyd edir.
2017-ci ildə Türkiyədə əməliyyatlardan SOCAR-ın gəlirləri 5 mlrd. manata yaxın təşkil edib, bu da şirkətin Azərbaycanda fəaliyyətindən əldə etdiyi gəlirlə müqayisə olunur.
Türkiyədə fəaliyyət məqsədilə SOCAR - SOCAR Turkey Yatırım AS törəmə şirkət yaradıb. 2017-ci ilin sonuna şirkətin investisiyaları 12,2 mlrd. manat həcmində qiymətləndirilir. Bu, əsasən $6,3 mlrd. həcmində qiymətləndirilən STAR NEZ-in tikinti layihəsinə sərmayələrdədir.
“NEZ 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq, emal həcmi illik 10 mln. ton təşkil edəcək. Tikinti üçün SOCAR $3,3 mlrd. həcmində layihə maliyyələşməsi cəlb edib, daha $3 mlrd. Azərbaycan tərəfinin sərmayələri təşkil edəcək. Ötən il SOCAR bu layihəyə 577 mln. manat yatırıb ($345 mln.). Hesab edirik ki, 2018-ci ildə layihəyə sərmayələr $600 mln.-a yaxın təşkil edəcək. Lirənin ucuzlaşması SOCAR-ın STAR-a investisiyaların qaytarılma müddətinin uzadılmasına səbəb olacaq”, - agentlik qeyd edir.
Bundan əkavə, lirəsnin ucuzlaşması Petkim neft-kimya kompleksinin fəaliyyətinə mənfi təsir göstərə bilər. “2017-ci ilin sonuna Petkim-in xarici öhdəlikləri $1,4 mlrd. həcmində qiymətləndirilir. Nafta istehlakçısı qismində Petkim xammal neftin qiymətinin volatilliyinə meyllidir. Bu, xammal alışına xərclərin artmasına gətirəcək, bu da holdinqin gəlirinin azalmasına səbəb ola bilər”, - hesabatda bildirilir.
“Moody`s”in qiymətləndirmələrinə görə, lirənin gələcəkdə ucuzlaşması “SOCAR Turkiye Enerji”nin 2021-ci ildə IPO keçirilməsinə dair planlarını dəyişdirə bilər. **