Beynəlxalq reytinq agentliyi «Moody's» Britaniyanın suveren reytinqi üzrə proqnozu «sabit»dən «mənfi»yə endirib. FED.az xəbər verir ki, agentlik ölkənin uzunmüddətli reytinqini «Aa2» səviyyəsində təsdiqləyib.
«Moody's»dən verilən açıqlamaya görə, proqnozun pisləşməsinin səbəbi ölkənin son vaxtlar rastlaşdığı böyük siyasi problemlər, o cümlədən büdcə siyasəti problemləri və onların nəticəsində «Britaniya institutlarını zəifləməsidir».
Bundan başqa, agentlik hesab edir ki, Böyük Britaniyanın iqtisadi və fiskal gücü böyük ehtimalla daha zəif və şoklara daha həssas olacaq».
Bununla yanaşı, agentlik «Aa2» səviyyəsindəki uzunmüddətli suveren reytinqi onunla əsaslandırır ki, ölkədə rifah, iqtisadi şaxələnmə, pul-kredit siyasətinin möhkəm əsasları və çevik əmək bazarı var. Ölkə üzrə mənfi cəhətlər kimi isə «Moody"s» Britaniyanın böyük borc öhdəliyini və istehsalın zəif artımını göstərib.
Qeyd edək ki, «Moody's» sonuncu dəfə Britaniyanın suveren reytinqinə 2017-ci ilin sentyabrında baxmışdı və Brexit-in gözləntisi ilə onu «Aa1»-dən «Aa2»yə endirmişdi.