Rusiyanın Ukraynaya hərbi müdaxiləsi MDB ölkələrini kredit risklərinə gözləniləndən daha çox məruz qoyub.
Eləcə də bax: Dünya Bankı Rusiya-Ukrayna münaqişəsinin Azərbaycana təsirini - QİYMƏTLƏNDİRİB
FED.az xəbər verir ki, bu barədə "Moody's Investors Service" ("Moody's") şirkətinin açıqlamasında deyilir.
Sözügedən risklərin əsasən pul köçürmələrinə, ticarətə, investor etimadına, enerji və təhlükəsizliyə, həmçinin maliyyə institutlarına qarşı sanksiyalar kanalları ilə dövlətlərə təsir etməsi müşahidə olunur.
"Genişmiqyaslı sanksiyaların gücləndirilməsi nəticəsində Rusiyanın yaxınmüddətli iqtisadi perspektivinin kəskin pisləşməsi regionun iqtisadi artımına, xarici həssaslıq riskinə və fiskal konsolidasiya perspektivlərinə kəskin zərbə vurur", - agentlik qeyd edir.
"Moody's"ə görə, MDB məkanında Rusiyadan pul köçürmələrinin, ticarət dövriyyəsinin azalması və artan enerji qiymətləri fonunda bir çox ölkənin cari əməliyyatlar hesabı göstəriciləri pisləşəcək. Cari hesabın defisitinin genişlənməsi birinci növbədə Gürcüstan, Moldova və Qırğızıstanda gözlənilir.
Lakin agentlik onu da vurğulayır ki, Azərbaycan və Qazaxıstan sözügedən təsirlərdən əsasən qorunub: "Neft qiymətlərinin 2022-ci ildə orta hesabla 110 dollardan yuxarı olacağı ilə bağlı yeni baza gözləntimizə əsasən, karbohidrogen ixracından gözlənilməz gəlirlər Azərbaycanı ("Ba2", "müsbət") və Qazaxıstanı ("Baa2" "stabil") bu xarici təzyiqlərdən təcrid edəcək".
Bundan əlavə, "Moody's" bildirir ki, MDB üzrə zəif artım proqnozlarının gəlirlərə təzyiq göstərəcəyi gözlənilsə də, neft ixracatçıları olan Azərbaycan və Qazaxıstan əksinə daha yüksək xammallar qiymətlərindən faydalanacaq və bu ölkələrin gəlirləri artacaq.
Agentliyin ekspertlərinin fikrincə, Azərbaycan və Qazaxıstanın istənilən defisiti bağlamaq imkanları var. Belə ki, artan enerji qiymətləri buna şərait yaradır, həmçinin sözügedən ölkələr fiskal dayanıqlığını və valyuta ehtiyatlarını qoruyub saxlaya biliblər. (Apa)