Rusiya və Ukrayna arasındakı müharibə, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün potensial bazar itkisi, həyati əhəmiyyətli idxala çıxışı, inflyasiya və aktivlərin itirilməsi kimi, ölkə iqtisadiyyatına mənfi təsirləri gözlənilir.
Eləcə də bax: Rusiyanın bu gün defolta düşəcəyi - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının “Azerbaıjan Monthly Economıc Update– March 2022” hesabatında bildirilir.
Sənədə əsasən, ölkənin qeyri-neft ixracı nisbətən kiçik olsa da, 2021-ci ildə ölkənin ümumi qeyri-neft/qaz sektoru ixracının 32 %-ni və ya ümumi ixracının isə 4 %-ni (ÜDM-nin 2,5 %-i) təşkil edən Rusiya bazarı bu ixracatın əsas istiqamətidir: "Bu ixracın böyük hissəsi ərzaq məhsullarıdır və bu ticarət son beş ildə əhəmiyyətli dərəcədə artıb.
Rusiya bazarının digər ixracatçılara bağlanacağı təqdirdə Azərbaycanın bazar payını genişləndirmək imkanları olsa da, rublun dəyərini itirməsi Rusiyada tələbi aşağı sala bilər".
Dünya Bankının analitikləri hesab edir ki, idxalda isə, Azərbaycan Rusiya və Ukraynadan buğda idxalından aslıdır və bu da ərzaq təhlükəsizliyi üçün potensial risklər yaradır: "Bundan başqa, qlobal ərzaq qiymətlərinin artması, hazırda yüksək olan daxili ərzaq inflyasiyasını artıracaq".
Hesabata görə, müharibə və sanksiyalar, ÜDM-nin əhəmiyyətli hissəsini təşkil etməsə də, Rusiya və Ukraynadakı Azərbaycan investisiyalarının dəyərini böyük ehtimalla azaldacaq.
"Fevral ayında qlobal enerji qiymətləri fiskal və xarici tarazlıqları dəstəkləyərək yüksəlib. “Brent” neftinin fyuçersləri mart ayında enerji bazarları müharibə nəticəsində pozulduğu üçün neftin bir bareli 130 ABŞ dollarına çatıb.
Azərbaycan OPEC+ ilə razılaşdırılmış hasilat kvotalarına əməl edir və neft hasilatının potensial artımı OPEC+ qərarlarından və son on ildə azalan mövcud istehsal gücündən asılı olacaq.
Bundan başqa, Azərbaycanın dövlət büdcəsində neftin orta giyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulduğu üçün artan enerji qiymətləri ölkənin fiskal və xarici tarazlığa gözlənilməz artım yaşadacaq", - hesabatda deyilir. (Report)