“Moody`s” beynəlxalq reytinq agentliyi 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4% səviyyəsində proqnozlaşdırır.
Eləcə də bax: Azərbaycanda iqtisadiyyatın illik həcmi ilk dəfə olaraq - 100 MİLYARD MANATI KEÇƏCƏK
FED.az bu barədə “Moody`s”in məlumatına istinadən xəbər verir.
“Rusiya ilə möhkəm ticarət əlaqələrinə baxmayaraq, Rusiyanın Ukraynaya hücumu iqtisadiyyata məhdud təsir göstərib: may ayında qeyri-neft ÜDM-i 11% artıb. “Moody`s” 2022-ci ildə Azərbaycanda real ÜDM-in 4% artacağını gözləyir. Azərbaycan koronavirus pandemiyası zamanı daha az resessiyaya və sabit valyutanın qorunmasına səbəb olan dayanıqlılıq nümayiş etdirərək Rusiya-Ukrayna böhranına karbohidrogenlərin yüksək qiymətləri ilə dəstəklənən güclü iqtisadi bərpa ilə qədəm qoyub”, - deyə agentlik qeyd edir.
“Moody`s” növbəti bir neçə il ərzində karbohidrogenlərin qiymətinin yüksək olması, neft hasilatı kvotasının (OPEC+ sazişi çərçivəsində) artırılması və qaz ixracının artması nəticəsində Azərbaycanın cari əməliyyatlar hesabında böyük həcmdə müsbət saldonun (ÜDM-in 15-20%-i) yaranacağını gözləyir.
“Moody`s”də ümid edirlər ki, bu yaxınlarda institusional potensialın yaxşılaşması ərzaq məhsullarının 20%-dək bahalaşması da daxil olmaqla, 14%-ə qədər artmış inflyasiyaya (12 ay ərzində - İF) təzyiqi azaldacaq. Hökumət də antiinflyasiya tədbirləri görüb. Agentlikdə hesab edirlər ki, əgər lazım gələrsə, hökumət ev təsərrüfatlarına ünvanlı dəstək göstərmək üçün əlavə fiskal ehtiyatlara malikdir.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb. (İnterfaks-Azərbaycan)