"Bu gün Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlərin faizləri (18 %-dən 26 %-ə qədər) çox yüksəkdir".
Azərbaycanda kredit faizləri artacaq? - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna görə də vətəndaşlar bu məsələdə çox əziyyət çəkirlər: "Problemli kreditlər portfelinin şişməsinin səbəblərindən biri də məhz budur. Kredit məsələsində sahibkarların, yəni bankların hüquqları da nəzərə alınmalıdır. Lakin bu elə olmalıdır ki, həm vətəndaş qazansın, həm də banklar gəlir əldə etsin".
Bir müddət əvvəl çox sayda bankların ləğv olunduğunu xatırladan deputat deyib ki, həmin banklarda olan əmanətlərin idarə olunması aidiyyəti fonda həvalə olunub: "Bir neçə şikayətçi seçici görüşlərdə bizə müraciət edir ki, ləğv olunan bankdan kredit alıb və bu günə qədər də öhdəliyinə götürdüyü məbləğin iki mislini də ödəyib. Amma Əmanətlərin Sığortlanması Fondu vətəndaşdan götürdüyü kredit məbləğindən artıq vəsait tələb edir. Axı bank ləğv olunub, vətəndaş da lazım olan məbləği artıqlaması ilə ödəyib. Vətəndaş sosial dəstəyə ehtiyacı olan təbəqəyə aiddir. O, kredit götürdüyü zaman evini girov qoyur, borcu qaytara bilmədiyi üçün isə evi hərraca çıxarılaraq satılır və o, çöldə qalır. Ona görə də, təklif edirəm ki, həssas təbəqədən olan şəxslərə dəstək göstərilsin. Bu məsələ hansısa formada tənzimlənməlidir". (Report)