Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Vahid Əhmədov: "Hesablama Palatasının hökumətlə münasibətləri normal deyil"
FED.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
Hesabatda bildirilir ki, 2022-ci ildə 6 nəzarət tədbiri üzrə materiallar Hesablama Palatası Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Hesablama Palatası tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarına göndərilmiş materiallar aşağıdakılardır:
- Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
- İnnovasiya və Təchizat Mərkəzi” PHŞ - tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilən qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Baş Prokurorluğa;
- Dövlət Sosial Müdafiə Fondu - Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərdə) bu halın olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
- Gənclər və İdman Nazirliyi - 2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə “Milli Karate Federasiyası” İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Baş Prokurorluğa;
- Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks” Birliyi - audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkat olunması, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) daxil olmuş məktub əsasında DTX-ya;
- Gəncə Regional Mədəniyyət İdarəsi - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müraciəti ilə əlaqədar DTX-ya.
Qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata görə, Hesablama Palatası tərəfindən göndərilmiş materiallar əsasında 1 tədbir üzrə vurulmuş ziyan ödənildiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 3 tədbirlə bağlı cinayət işi üzrə istintaqın davam etdiyi bildirilib.
Hesabatın tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2022-ci ilin nəzarət tədbirləri üzrə 1,5 milyon manatın, əvvəlki illərin nəzarət tədbirləri üzrə isə 0,4 milyon manatın ödənilməsi təmin edilib və bu istiqamətdə iş davam etdirilir.
Hesablama Palatasının illik hesabatı müzakirələrdən sonra qəbul edilib. (Apa)