Milli Depozit Mərkəzi (MDM) tərəfindən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır.
FED.az xəbər verir ki, mərkəzdən bildirilib ki, bu istiqamətdə yeni elektron xidmət - emitentlərin istifadəsi üçün nəzərdə tutulan “elektron emitent kabineti” yaradılıb. Elektron portal emitentlərə qiymətli kağız mülkiyyətçilərinin reyestrinə real vaxt rejimində elektron baxış imkanı təqdim edir. Bununla, emitent seçilmiş alət üzrə qiymətli kağız sahiblərinin adları və onların sahib olduqları qiymətli kağızların miqdarı barədə məlumat almaq imkanı yaranır. Həmçinin emitentlər kabinetə daxil olaraq seçdikləri alətlər, yəni emissiya etdiyi qiymətli kağızlar barədə məlumatları, o cümlədən emitentin adı, alətin İSİN nömrəsi, valyutası, qiymətli kağızların ümumi miqdarı,emissiya etdiyi qiymətli kağızların nominalı və digər məlumatları əldə edə bilərlər.
Xidmətdən yararlanmaq üçün istifadəçinin veb brauzerə çıxışı və “ASAN imza” sertifikatı olmalıdır.
Portalda tətbiq edilən digər yenilik, deponentlərin şəxsi kabinetində edilən bir sıra dəyişikliklərlə bağlıdır. Yeniliyə əsasən, hüquqi şəxslər üçün də depo hesabına baxış imkanı yaradılmışdır. Qeyd edək ki, daha öncə yalnız fiziki şəxslər bu xidmətdən istifadə edirdilər.
Elektron emitent və deponent kabinetlərinin investisiya şirkətlərinə təqdim edilməsi və istifadə imkanları barədə ətraflı məlumatın verilməsi məqsədilə MDM əməkdaşları və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə bu il martın 19-da onlayn formatda görüş təşkil edilib. Görüş zamanı üzvlər “Emitentlərin elektron xidmətlər üzrə istifadə kitabçası” ilə tanış olub və onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin bir sıra təkliflər irəli sürülüb və gələcəkdə tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, emitentlər üçün elektron kabinet artıq istifadəyə verilib.